Bakı 6˚C Dreary

"Boşanmaların çoxalmağı sadəcə iki gəncin faciəsi deyil, yeni nəslə vurulan böyük zərbədir" - Sosioloq

Eksklüziv 18:40 12 noy, 2021

Sosioloq Əhməd Qəşəmoğlu müasir dövrdə evlilik problemlərindən danışıb

"Boşanmaların çoxalmağı sadəcə iki gəncin faciəsi deyil, yeni nəslə vurulan böyük zərbədir" - <span style="color:red">Sosioloq</span>

Azərbaycanda son zamanlar ailə institutunda müəyyən dəyişikliklər baş verir. Belə ki, orta evlilik yaşı və boşanmaların da sayı artır. 2020-ci ilin göstəricilərinə görə Azərbaycanda oğlanların orta evlilik yaşı 30, qızların isə 25 olub. 2021-ci ilin göstəricilərinə görə isə hər 3 nikaha 1 boşanma düşür.

Nəzərə alsaq ki, cəmiyyətin əsas sütünü ailə institutudur, o zaman bu problemlər ciddi mənfi nəticələrə səbəb ola bilər. Qazet.az sadalanan məsələlərlə bağlı sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini alıb.

İlk öncə evlilik yaşının artmasına toxunan sosioloq burada bir sıra amillərin təsirinin olduğunu qeyd edib.

“Yaş həddinin artmasında həm iqtisadi, həm sosial, həm də psixoloji amillər rol oynayır. İqtisadi tərəf dedikdə, gənclərimizin bir çoxunun şəxsi evi yoxdur. Onlar isə evləndikdə ayrı evdə yaşamaq istəyirlər. Əvvəllər valideynlərlə yaşamağa razı olan qızlar və oğlanlar var idi. Lakin getdikcə bu cür gənclərin də sayı azalır. Ümumiyyətlə ailə institutuna da münasibət dəyişib, digər tərəfdən isə boşanmaların sayı azalıb. Hər 100 nigaha qarşı 35-ə qədər boşanma qeydə alınır. Xüsusilə gənclər arasında bu rəqəm daha yüksəkdir. Buna görə də insanlar bir az qorxurlar. Bir sözlə, evlilik yaşının artmasında gördüyünüz kimi müxtəlif səbəblər var və yekunda belə bir mənzərə alınır”.

Əhməd Qəşəmoğlu
Sosioloq

 

Ekspert orta evlilik yaşının artmasının müsbət tərəflərinin olduğunu da vurğulayıb. Onun fikrincə belə olduğu təqdirdə evlilik seçimləri düzgün aparılır. Lakin o, yaş həddinin artmasının mənfi tərəflərini də qeyd edib: “Amma digər tərəfdən mənəvi-psixoloji faktorlara baxsaq, cəmiyyətdə xoşagəlməz halların yayıldığını görərik. İnsanlar gec evlənəndə, onların ailə qabağı sərgüzəştləri çoxalır. Bu isə onların gələcək ailə həyatına ciddi təsir edir. Qabaqlar daha çox sevgi və ülvi hisslərdən danışılırdısa, indi isə sosial şəbəkələr və internet resurslarında pozuculuq işləri aparılır. Bu sadəcə bizim ölkədə deyil, beynəlxalq səviyyədə belədir. Bununla da ailə dəyərləri dağılır”.

Əhməd Qəşəmoğlu oğlanların 30 yaşa qədər, qızların isə 25 yaşa qədər evlənmələrini daha yaxşı hesab edir.

“Oğlanlar ilə qızlar arasında evlilik yaşında müəyyən qədər fərq olur və bu yaxşıdır. Amma rəqəmlər ölkələr üzrə və zamanlar üzrə dəyişir. Çünki burada bayaq sadaladığımız amillər rol oynayır. 28 yaşına qədər insanlarda şəxsiyyət olaraq formalaşma gedir. Bu yaşa çatana qədər ölkədə elə bir şərait yaranmalıdır ki, oğlanların işi və mənzili ilə bağlı yardımlar olsun və çətinliklər aradan qaldırılsın. Təəssüf ki, bu sahədə boşluq var və işlər görülümür. Oğlanlarda 28-30, qızlarda isə 21-23 yaş aralığını evlilik yaşı kimi yaxşı hesab edirəm. Qızlarda bu yaşa çatanda onların ali təhsil almaq kimi şansları olur. Biz çalışırıq ki, ailə quranlar müəyyən savada yiyələnə bilsinlər. Bununla həm özlərinin dünya görüşü artsın, həm də övladlarının. İndiki zamanda Azərbaycan üçün maksimum 30, qızlar üçün isə 25yaşda ailə qurmağı daha məqbul hesab edirəm. İndiki rəqəmlərə baxsaq, evlilik yaşında problem yoxdur”, - deyə ekspert söyləyib.

Sosioloq bununla yanaşı ailə funksiyalarının dərk edilməsinin mühüm rolundan danışıb: “Əvvəllər insanlarda ailə ilə bağlı stereotiplər mövcud idi. Az yaşlı uşaqların belə, ailə ilə bağlı təsəvvürləri olurdu. Onlar ailə üzvlərinin öhdəlikləri ilə bağlı düşüncələri var idi. İndi isə gənclərdə bu təsəvvürlər çox qıtdır. Bunun üçün də paralel işlər aparılmalıdır. Oğlanların 28 yaşına qədər, qızların isə 22-23 yaşına qədər ailə ilə bağlı təsəvvürləri olmalıdır. Onların ailə qarşısında məsuliyyət barədə fikirləri olmalıdır ki, düzgün seçim edə bilsinlər. Bu seçimlər isə 30-40 il əvvəlki kimi deyil ki, valideynlər seçsin. Bu cür ailələr çox irəli gedə bilmir.  Ailə quran insanların dünya görüşü, maraqları ortaq olmalıdır. Çünki bu insanlar toy günündən müəyyən zaman sonra birlikdə tək qaldıqda sözləri tutmursa, dünya görüşləri üst-üstə düşmürsə, problemlər başlayır. Nəticədə böyük faciə baş verir və boşanmaların sayı çoxalır”.

“Boşanmaların çoxalmağı sadəcə iki gəncin faciəsi deyil, yeni nəslə vurulan böyük zərbədir. İndiki dövrdə yeni nəslin daha keyfiyyətli olması zərurəti artıb. Çünki dünyada gedən proseslər var, 44 gün müharibədən sonra bizə qarşı ssenarilər düşünülür. Buna görə də gərək bizim yeni nəsil daha keyfiyyətli olsun. Burada isə ailə önəmli rol oynayır. Bu məsələlər diqqət mərkəzində olmalıdır. Təəssüf ki, bu məsələlərə ölkədə yanaşma 30-40 il əvvəlki yanaşmalarla aparılır. Biz ilk öncə ailənin əsas funskiyasını fikirləşməliyik, çünki zaman dəyişəndə elə edək ki, ailə yenə öz funksiyasını yerinə yetirə bilsin. Bax, bu prinsiplər olmalıdır. Biz 50 il qabaq belə idi, elə idi deyirik. Lakin biz elə eləməlyik ki, indiki dövrdə ailələr dağılmasın və müəyyən funksiyaları yerinə yetirsin. Buna görə də müasir dövr fərqli yanaşmaları tələb edir. Cəmiyyət mürəkkəbləşib, həssaslaşıb. Belə ki, bizim ailəyə yanaşmamız başqa cür olmalıdır”, - deyə Əhməd Qəşəmoğlu fikrini tamamlayıb.

 

Ülvi Əhmədli


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.