Braziliyada matəm elan olundu - FOTO
Braziliyada üçqat dünya çempionu Pelenin vəfatı ilə əlaqədar matəm elan edilib.
Qazet.az xəbər verir ki, bu barədə "G1" məlumat yayıb.
“Keçmiş futbolçu Pele Edson Arantes du Nasimentonun vəfatı ilə əlaqədar bu fərmanın dərc edildiyi gündən üç günlük rəsmi ümummilli matəm elan edilir”, - deyə sənəddə qeyd olunur.
Pelenin 82 yaşında vəfat etməsi faktını dekabrın 29-da qızı Keli Nasimento açıqlayıb. Əfsanəvi futbolçunun ölüm səbəbi daxili orqanların nasazlığı olub. Əfsanəvi futbolçu yanvarın 3-də Braziliyanın Santos şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.
Rio-de-Janeyroda "Xilaskar Məsih"in heykəli Pelenin xatirəsinə dövlət bayrağının rənglərinə boyanıb.
Xatırladaq ki, 2020-ci ildə "Xilaskar Məsih"in heykəlinin ətəyində “bütün zamanların ən böyük oyunçusunun 80 illik yubileyi”ni qeyd etmək üçün kilsə mərasimi keçirilib.
"Pele, hər şeyə görə təşəkkür edirik! Siz hekayənizlə nəsillərə təsir etdiniz və insanları valeh etdiniz", - abidənin sosial media hesabında paylaşılan paylaşımda deyilir.
Pele dekabrın 29-da düz bağırsağın xərçəngi fonunda səhhətinin pisləşməsi səbəbindən San-Paulu klinikasında vəfat edib. Futbolçu ilə vida mərasimi yanvarın 2-də onun doğma futbol klubu olan "Santos"un San-Paulu əyalətindəki stadionunda keçiriləcək. Anım mərasimindən sonra Pelenin tabutunun yüz yaşlı anası Selest Arantisin yaşadığı ev də daxil olmaqla polis kortejinin müşayiəti ilə Santos küçələri ilə aparılacağı gözlənilir. Çərşənbə axşamı, yanvarın 3-də keçmiş futbolçu dünyanın ən hündür şaquli qəbiristanlığı kimi Ginnesin Rekordlar Kitabına düşmüş Ekumenika nekropolunun ərazisində dəfn ediləcək.