Brüssel görüşü sülh üçün mühüm rol oynayacaq
Rəsmi Bakı İrəvana verdiyi 5 şərt və Fərrux yüksəkliyində bayrağımızın ucaldılması kimi siyasi və hərbi üstünlüklərlə Brüssel görüşünə qədəm qoydu
Bu günlərdə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən görüşü ölkəmizin maraqlarına uyğun olaraq, bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır. Tərəflərin hələ 2021-ci il dekabrın 15-də baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş, bölgədəki vəziyyətin müzakirəsi, o cümlədən bölgənin təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərinin müzakirəsinə həsr olunub. Rəsmi Bakı İrəvana verdiyi 5 şərt və Fərrux yüksəkliyində bayrağımızın ucaldılması kimi siyasi və hərbi üstünlüklərlə Brüssel görüşünə qədəm qoydu.
Qazet.az xəbər verir ki, publika.az-a bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.
O, bu görüşü bölgədə gələcək sülh və əmin-amanlığın təmin olunmasında mühüm addım hesab etdiyini bildirib. Qeyd edib ki, görüş zamanı postmünaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 9-10 noyabr üçtərəfli Bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviqi üçün humanitar addımların davam etdirilməsi geniş müzakirə olunub. Eyni zamanda, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri də gündəmə gətirilib.
Hüquq müdafiəçisi dövlətimizin başçısının da bu görüşün yekunlarını müsbət qiymətləndirdiyini diqqətə çatdırıb və Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngini xatırladıb: “Qardaş ölkənin Prezidenti ilə telefon danışığı əsnasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüş barədə söhbət aparılıb. Dövlətimizin başçısı Azərbaycanın təqdim etdiyi baza prinsiplərini, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə sülh müqaviləsinin hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılması, həmçinin sərhədlərin delimitasiyası üzrə komissiyanın təsis edilməsi barədə əldə olunmuş qərarları vurğulayıb”.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də görüşün yekunundan razı qaldığını diqqətə çatdıran hüquq müdafiəçisi deyib: “Ş.Mişel jurnalistlərə müsahibəsində Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla gözəl və çox səmərəli görüş keçirdiyini bildirib və bu görüşü Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və inkişafın Avropa İttifaqı üçün olduqca önəmli olduğunu bildirməsi görüşün yekununa verdiyi yüksək dəyərdir. Avropalı diplomat bütün bunları böyük irəliləyiş adlandırıb. Ş.Mişel deyib ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Biz, həmçinin həssas məsələ olan delimitasiya ilə əlaqədar işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq”.
Ç.Qənizadə görüşün yekunlarından söhbət açarkən daha bir diqqət çəkən məqamı da xatırladıb: “Yekunda qəbul olunan bəyanatda ATƏT-in Minsk qrupu və keçmiş Dağlıq Qarabağ haqqında bir cümlə də yoxdur. Bu, Azərbaycanın xeyrinədir. Çünki ölkəmiz ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlarda maraqlı deyil və Vətən müharibəsindən sonra bəyan edib ki, Dağlıq Qarabağ ifadəsi yoxdur. Qarabağ məsələsi ilə beynəlxalq təşkilatların məşğul olmasını istəmir. Bu, daxili məsələdir. Danışıqların Minsk qrupu əvəzinə Avropa İttifaqı çərçivəsində aparılması Azərbaycan üçün faydalıdır”.
Hüquq müdafiəçisi Brüssel görüşündə iki mühüm razılaşmanın əhəmiyyətini xüsusi vurğulayıb: “Birincisi, sülh sazişidir: tərəflər xarici işlər nazirlərinə müqavilənin hazırlanması ilə bağlı tapşırıq verilməsi üzərində razılaşıb. Sülh sazişinə dair razılaşma deməyə əsas verir ki, İrəvan Bakının təklif etdiyi 5 baza prinsipini qeyd-şərtsiz qəbul edib. Bəyanatda “status”, yaxud “münaqişə”yə dair heç bir qeydin olmaması da növbəti uğur kimi dəyərləndirilməlidir. İkincisi, sərhədin delimitasiya və demarkasiyasıdır: tərəflər 2021-ci il 26 noyabr Soçi bəyanatına uyğun olaraq, aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına razılaşıb. Birgə komissiyanın mandatı sərhədin müəyyən edilməsi və sərhəd xətti boyunca təhlükəsiz vəziyyəti təmin etməkdir”.