İlham Əliyevlə Paşinyan arasında görüşün gündəliyində nələr var?
Görüş hələ noyabrın ortalarında elan edilib, eyni zamanda Bakı və İrəvan öz növbəsində liderlərin sammitdə iştirakını təsdiqləyiblər

Çərşənbə axşamı, dekabrın 14-də Belçikanın paytaxtında Azərbaycan və Ermənistan liderləri ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında görüş keçiriləcək. Danışıqlar Aİ-nin Şərq Tərəfdaşlığı sammiti çərçivəsində baş tutacaq.
Qazet.az xəbər verir ki, əvvəlcə Aİ Şurasının prezidenti İlham Əliyev və Nikol Paşinyanı ayrı-ayrılıqda qəbul edəcək, daha sonra üçtərəfli formatda danışıqlar davam edəcək. Görüş hələ noyabrın ortalarında elan edilib, eyni zamanda Bakı və İrəvan öz növbəsində liderlərin sammitdə iştirakını təsdiqləyiblər.
Brüsseldəki danışıqlardan əvvəl noyabrın 26-da Soçidə Putin-Əliyev-Paşinyan görüşü olub. Tərəflər 44 günlük müharibədən sonra üçüncü birgə bəyanatı qəbul ediblər. Burada delimitasiya və demarkasiya komissiyasının yaradılması və kommunikasiyaların blokunun açılması üçün baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupunun işinin stimullaşdırılmasından danışılıb.
Sputnik.am yazır: "Brüssel görüşü, bəzi məlumatlara görə, əsasən, humanitar aspektə həsr olunacaq. Əsirlərin qaytarılması problemi bu günə qədər Ermənistan tərəfi üçün ən kəskin problem olaraq qalır. Bu baxımdan, İrəvan hazırkı görüşdən şübhəsiz ki, keyfiyyətli irəliləyiş gözləyir”.
Danışıqlardakı vəziyyəti Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentlər daha da mürəkkəbləşdirir. Bu şərtlər daxilində Şarl Mişeldən tərəfləri barışdırmaq mümkün olmasa belə, ən azı qafqazlı qonaqlarının düşmənlik hissini bir az da soyutmaq tələb olunur. Bu işdə ona Soçi görüşünün “fonu” da kömək edə bilər” - deyə sputnik.am saytı qeyd edir.