BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti "Formula" 2023-cü il Azərbaycan Qran-prisində sprint yarışının keçiriləcəyi ilə bağlı xəbərə münasibət bildirib.
Qazet.az xəbər verir ki, BŞH-ın Mətbuat katibi Turab Teymurov "Report"a açıqlamasında sözügedən yarışın Bakıda təşkilinin hələlik "Formula 1" tərəfindən rəsmi təsdiq edilmədiyini söyləyib.
Onun sözlərinə görə, bu istiqamətdə tərəflər arasında danışıqlar aparılır və hər hansı yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək: "Formula One Management bu yarışın coğrafiyasının genişlənməsində və daha çox ölkədə keçirilməsində maraqlıdır".
Qeyd edək ki, "Formula 1"də 2023 mövsümü növbəti ilkə imza ataraq, 24 yarışla yadda qalacaq. Mövsüm martın 5-i Bəhreyndə start götürəcək, noyabrın 26-ı isə ənənəyə sadiq qalaraq Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yekunlaşacaq.
Sayca 7-ci Azərbaycan Qran-prisi 28 - 30 aprelə təsadüf edəcək. Cümə-şənbə günləri, yəni 28-29 apreldə sərbəst yürüşlər və sıralanma turu, 30 aprel - həftənin bazar günü isə final yarışı baş tutacaq.