Bakı 27˚C Windy

Bu avtomobillərin gömrük rüsumu sıfırlandı

Cəmiyyət 23:59 11 noy, 2022
Bu avtomobillərin gömrük rüsumu sıfırlandı

Ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədilə elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən 15% idxal gömrük rüsumu 0%-ə endirilib.

Bu barədə Qazet.az Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Qeyd edilib ki, indiyə qədər bu istiqamətdə bir sıra güzəştlər tətbiq edilib. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən 5-ci – təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” Milli Prioritetinə uyğun olaraq Vergi Məcəlləsinə müvafiq dəyişikliklər aparılıb və 2022-ci ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da əlavə dəyər vergisindən azad edilib. Həmçinin elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad olunub.