Azərbaycanda rus bölməsinə niyə üstünlük verilir? - Ekspert rəyi
Bu gün təhsildə yaşanan ən böyük problemlərdən biri şagirdlərin yerləşdirilməsidir. Əsasən övladlarının rus bölməsində oxumağına üstünlük verən valideynlər bu gün problemlə üzləşir. Hətta özü bir kəlmə rusca bilməyən valideyn uşağının rus dilində təhsil almasına üstünlük verir. Və nə yolla olur olsun, uşağı rus bölməsinə yerləşdirməyə çalışır. Bu nə dərəcədə doğrudur? Bu gün Azərbaycanda rus dilində təhsilə böyük təlabat varmı? Rus bölməsini bitirən uşaqlar gələcəkdə hansı çətinliklərlə üzləşə bilər? Ümumiyyətlə, bu gün Azərbaycanda ən çox hansı xarici dilə üstünlük verilir?
Bu gün təhsil eksperti Kamran Əsədov Qazet.az-a aktual mövzu ilə bağlı öz fikirlərini bildirib.
Ekspert qeyd edib ki, əgər rus bölməsinə olan artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, ilk növbədə bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir.
"Düzdür, indi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil. Əvvəla, indi əvvəlki intellektli müəllim nəsli azalıb. Məncə uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar.
Bir faktı deyim ki, hal-hazırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir. 4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32% -i deməkdir.
Bunlarla yanaşı ölkə üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bölmələr üzrə sayı: Azərbaycan bölməsi üzrə respublika üzrə 1.428.608 nəfər şagird, rus bölməsində 131.412 nəfər, gürcü dili bölməsi üzrə 1.114 nəfər, ingilis dili bölməsi üzrə 5.457, fransız dili bölməsi üzrə 130, türk dili bölməsi üzrə isə 295 nəfər şagird təhsil alır. Ümumilikdə respublika ümumtəhsil məktəblərində 1.567.016 nəfər şagird qeydə alınmışdır. Sinif sıxlığına görə ən böyük göstərici hər sinifdə ortalama 27 şagirdlə türk dili bölməsindədir. Ölkədə şagird sayının çoxluğu müşahidə olunan azərbaycan və rus dili bölmələrində sinifdə şagird sıxlığı müvafiq olaraq 18 və 24 nəfər təşkil edir.
Rus dilində təhsilə meyli hər bir valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqəlidir.
Əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə versin? Valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın. Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan alasan. Təsadüfi insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir.
Biz Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməliyik. Həmçinin rus sektorunda Azərbaycan dilinin tədrisinə fikir verməliyik. Yəni rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər. Rus bölməsinin sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur.
Öncə öz rəyimi bildirəcəyəm. Son 70 ildə rus dilinin önəmi olduqca yüksək idi, bu danılmazdır. Mütəxəssislərimizin bir qismi rusca daha rahat danışır, nəinki Azərbaycan dilində.
Təhsil sistemimizdə rus dilinin oynadığı rol böyük idi. Nəyəsə nail olmaq üçün varlı qohumun, yaxud da qabiliyyətin yoxdursa, gərək rusca səlis danışasan, .
Hər bir insan nə qədər çox dil bilirsə bir o qədər də onun üçün yaxşıdır. O ki, qaldı rus dilinə, gəlin yaddan çıxartmayaq ki, dünyanın quru ərazisinin 6/1 hissəsinin insanları bu dildə danışırlar. Bu dildə həddindən artıq informsiya vardir. Bu bizim üçün böyük bir informasiya məkanıdır və bunun nəyi pisdir ki?
Düzdür, 2017- ci ildə Kiyevdə hələ ötən il rus dilində baza təhsilini qadağan etdilər, baxmayaraq ki, əhalinin 17%-i rusdur. Qazaxıstan da qazax dilində tam təhsilə keçdi. Gürcüstan və Baltikyanı ölkələr çoxdan rus dilini təhsil sistemindən çıxarıblar.
Amma qeyd edim ki, rus dilini bilmək şagirdə böyük imkanlarından istifadə etməyə imkan verir, yarıboş və heç bir xarici dil bilməyən isə sadəcə hansısa yarımçıq bilgilər üçün yarayır.
Ona görə də tam vətəndaş yetişdirmək üçün rus bölməsinə, bu bölmədə təhsilə ehtiyac var.
Son ildə ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 91.25%-i Azərbaycan, 8.75%-i isə rus bölməsinin abituriyentləri olmuşdur. Qeyd edim ki, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 71.23, maksimum 92.57%-ni, rus bölməsinin abituriyentləri isə minimum 7.43, maksimum 28.77%-ni tuta bilərdilər. Göründüyü kimi, minimum və maksimum imkanlar arasında fərq kiçikdir. Bu isə Azərbaycan bölməsindədaha hazırlıqlı gənclərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarında süni maneələr yaradır.
Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, son illərdə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 5.24% artmışdır. Bununla belə qeyd etmək lazımdır ki, cari ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 21.25%-ni təşkil etmişdir. Bu göstərici 2018-ci ildə 21.44%, 2017-ci ildə 14.80%, 2016-cı ildə 18.73%, 2015-ci ildə 13.95%, 2014-cü ildə 13.87% olduğu halda, 2013-cü ildə 56.18% olmuşdu. 2013-cü illə müqayisədə son altı ildə həyata keçirilən bu cür dəyişiklik arzuolunmaz haldır. Çünki bəzən Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tam fərqli keçid balları yaranır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur".
Təhsil eksperti: Kamran Əsədov
Müsahibəni aldı: Gülnar Süleymanova / Qazet.az