Bu gün onların peşə bayramıdır
Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür
Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür.
Qazet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlət başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsinin düzgün və etibarlı təşkili məsələlərini daim diqqət mərkəzində saxlayıb. Dahi rəhbərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin FHN-in yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi, nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları, tapşırıq və tövsiyələri, eləcə də dövlətimizin başçısının FHN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlərdə iştirakı bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.
Fəaliyyət göstərdiyi 16 il ərzində nazirlik baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib.
On altı il ərzində normativ-hüquqi bazanın təkmilləşdirilməsi üçün onlarla hüquqi sənəd hazırlanıb, nazirliyin və onun müvafiq qurumlarının rəmzləri, eləcə də hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşların geyim forması və fərqləndirmə nişanları təsdiq edilib. Fövqəladə Hallar Nazirliyinin təkcə Bakıda deyil, regionlardakı qurumlarının da maddi-texniki bazası əsaslı surətdə yenilənib. Regionlarda FHN-in üzərinə düşən vəzifələrin operativ və yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək məqsədilə regional mərkəzləri fəaliyyət göstərir.
Nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud olan ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib. Nazirliyin informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişaf etdirilməsi, elektron xidmətlərin təşkili, eləcə də respublika ərazisində baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və 112 - qaynar telefon xətti yaradılıb.
FHN əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə bir sıra ölkələrin müvafiq ali təhsil ocaqları ilə bağlanan müqavilələr əsasında nazirliyin işçiləri həmin təhsil müəssisələrində biliklərə yiyələnirlər. Bununla yanaşı, Azərbaycan Prezidentinin imzaladığı müvafiq Sərəncamla 2008-ci ildə Fövqəladə Hallar Nazirliyinin zəruri maddi-texniki baza ilə təmin edilmiş Akademiyası yaradılıb.
FHN-in xarici ölkələrin müvafiq dövlət qurumları və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri inkişaf etdirilib.
FHN yarandığı ilk gündən beynəlxalq əməkdaşlığı və tərəfdaşlığı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirib. Qısa müddətdə Rusiya, Türkiyə, Fransa, Belarus, Koreya, Almaniya, Rumıniya və digər ölkələrlə əlaqələr möhkəmlənib, beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub. Bununla yanaşı, ötən müddətdə FHN Müdafiə, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, habelə digər dövlət qurumları ilə birgə təlimlər həyata keçirib.
Nazirliyin əməkdaşları yola salınan illərdə dəfələrlə çətin sınaqla üz-üzə qalıb və hər dəfə də peşəkarlıqlarını və cəsarətlərini ortaya qoyublar. Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və ev sahibliyi ilə ötən illər ərzində bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü humanist siyasətə uyğun olaraq, FHN ötən dövrlərdə müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, xilasetmə və humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirib.
Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində öz fəaliyyətini uğurla davam etdirir. Ötən 16 il ərzində nazirlik fövqəladə hallarla mübarizə sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan qorunması, yanğından mühafizə və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb.
Ötən dövrdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə nazirliyin maddi-texniki bazası daim gücləndirilib, kadr potensialı möhkəmləndirilib.
Vətən müharibəsi dövründə FHN-in bütün strukturları Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək Qələbənin qazanılmasına töhfələrini veriblər. Nazirliyin qüvvələri düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstəriblər.
Beynəlxalq əməkdaşlığını da durmadan genişləndirən Fövqəladə Hallar Nazirliyi Azərbaycan Prezidentinin tapşırığı ilə bir neçə ölkəyə humanitar yardımlar çatdırıb. Bundan başqa, FHN-in xilasetmə dəstələri İsraildə, Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak ediblər.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin peşəkarlığının və digər ölkələrdə baş verən fövqəladə hadisələrin qarşısının alınmasında göstərdiyi yüksək çeviklik və fədakarlığın ən bariz nümunəsi bu ilin yayında qardaş Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi oldu. Qardaş ölkədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə yola salınan FHN-in 743 əməkdaşı fədakarlıqları ilə əsl qardaşlıq örnəyi nümayiş etdirdilər. FHN-in yanğın-xilasetmə qüvvələrinin bu fədakarlığını yüksək qiymətləndirən Prezident İlham Əliyev avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Türkiyədə meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə FHN-in 90 əməkdaşı təltif olunub. Nazirliyin əməkdaşlarından 14 nəfər “İgidliyə görə”, 43 nəfər “Hərbi xidmətlərə görə”, 3 nəfər 2-ci dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə”, 30 nəfər isə 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Fövqəladə Hallar Nazirliyi, həmçinin bu ilin yay aylarında Qəbələ, İsmayıllı, Oğuz və Yardımlı rayonlarında baş verən yanğın söndürülməsində də böyük fədakarlıq göstəriblər.
Bu fədakarlıq və peşəkarlıq örnəkləri FHN-in şəxsi heyətinin həmişə olduğu kimi, ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirməyə hər an hazır və qadir olduğunu deməyə əsas verir.