Bakı 17˚C Mostly cloudy

Bu il MDB-də İranın birbaşa investisiyalarının əsas həcmi Azərbaycanın payına düşüb

Biznes 22:48 20 dek, 2022
Bu il MDB-də İranın birbaşa investisiyalarının əsas həcmi Azərbaycanın payına düşüb

2022-ci ilin birinci yarısında MDB-də İranın birbaşa xarici investisiyalarının ümumi həcmi 1,8 milyard ABŞ dollarına çatıb və bu göstəricidə əsas pay Azərbaycanın üzərinə düşür.

Qazet.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının analitik materialında deyilir.

“İran investisiyaları həmçinin Ermənistan, Belarus, Qazaxıstan, Rusiya və Tacikistana yatırılıb. Amma MDB ölkələrinin İrana investisiyaları hələ də azdır”, – hesabatda qeyd edilib.

Bankdan verilən məlumata görə, MDB ölkələrinin Çin, İran və ərəb dünyasının ən inkişaf etmiş dövlətləri ilə qarşılıqlı investisiyalarının artım potensialı var.

Beləliklə, 12 postsovet ölkəsində Çinin birbaşa xarici investisiyalarının ümumi həcmi 2022-ci ilin ortalarına qədər 67,5 milyard ABŞ dollarını ötüb. Çinin Rusiyaya investisiyası isə 12,5 milyard ABŞ dolları təşkil edib: “Çinli investorlar Rusiyada fəallaşıblar. Bu ölkənin Rusiyadakı birbaşa xarici investisiyalarının həcmi 2016-cı ildən 2022-ci ilə qədər 27,4 % artıb”.

Bankın analitiklərinin fikrincə, Çin kapitalının postsovet ölkələrinə genişlənməsi əhəmiyyətlidir. Bundan əlavə, İran biznesinin Avrasiya ölkələrində, xüsusən də Xəzər regionunda iştirakını artıracağı ehtimal edilir. Ərəb dünyası MDB ölkələrindən olan investorlar üçün getdikcə daha cəlbedici olur.

Qeyd edilib ki, MDB-də qarşılıqlı birbaşa xarici investisiyaların həcminin artımının ilk dövrü 2008-2012-ci illərə düşüb. Bu mənada ikinci əhəmiyyətli artım dövrü 2016-2020-ci illəri əhatə edir.