"Bu işdə iştirak edən hamı məsuliyyətə cəlb olunmalıdır" - Psixoloqdan AÇIQLAMA
Tez-tez müəyyən qrup çərçivəsində qalmaqal, insident və ən pis halda zorakılıq hallarına rast gəlinir. Baş verənlər bunun psixologiyada bəzi növlərini ortaya çıxarır. Mobbinq (red: latınca "Mobile vulgus", ingiliscə "mob" hücum etmək) də bunlardan biridir. Mobbinq müəyyən bir müddət ərzində iş yerində bir və ya daha çox işçiyə sistematik olaraq tətbiq olunan qorxutma, işdən uzaqlaşdırma, passivləşdirmə və bu kimi pis məqsədlərlə göstərilən davranış və münasibətlərin məcmusudur. Psixiloji şiddət olaraq ifadə olunan bu sözü yaşından asılı olmayaraq bir çox kollektivlərdə rast gəlmək olur. Bu gün internetdə yayılan 112 saylı tam orta məktəbdə baş verən söz-söhbətə səbəb olan şagirdin döyülmə videosu bu şiddətə bir nümunədir.
Mövzu ətrafında Qazet.az-ın müxbiri Azad Nuriyev psixoloq Fidan Canbabazadədən açıqlama aldı.
Psixoloq mobbinq və 112 saylı məktəbdə baş verən hadisələrlə bağlı bunları dedi:
“Ümumiyyətlə mobbinq təkcə məktəblərə və iş yerlərinə yox, xüsusi bir sosial qrup insanlar üçün nəzərdə tutulub. Bir qrup insanın açıq-aşkar və ya gizli şəkildə yönəlmiş haldır. Mobbinq şiddətin özüdür. Şiddətin özünün də bir neçə növü var. Maarifləndirmə bu mövzuda yanlış aparılır. Yayılan videoda mobbinqin 3 hissəsi var. Birinci mobbinqi tətbiq edən, ikinci – mobbinqin qurbanı, üçüncü - mobbinqə səssiz qalan tərəf. Səssiz qalan tərəf bunu həyata keçirən tərəf qədər günahkardır. Bu videonun yayılması uşağa travma yarada bilər. Travma burada günahsızın üzərinə düşür. Halbuki bu videoda mobinqi tətbiq edən insanlar daha böyük travma almalıdırlar. Travma alınması üçün isə cəmiyyətə çox böyük bir qüvvə düşür. Hər şeydən öncə o uşağın ailəsi və yaxınlarının görməsi onlara böyük travma yaradır. Göründüyü kimi, yenə də maarifləndirmə səhv olduğu üçün kadr arxasında qalan insanları görmürük. Bu şəkildə videoların yayılması uşaqların psixologiyasına təsir göstərir. Maarifləndirmə düzgün aparılsa, bu mobbinqi yaradan insanlar da bundan dərs çıxara bilər. Mobbinqə qarşı lazimi cəzalandırma, məsuliyyətə cəlb olunma üsulları olmalıdır. Şiddətin heç bir açıqlaması yoxdur. Şiddət olduğu yerdə ilk növbədə tədqiqat aparmaq lazımdır. O uşaq hökmən reabilitasiya görməlidir. Məktəblərdə, iş yerlərində bu kimi hallara diqqətlə yanaşmaq lazımdır. Həmin yerlərdə fəaliyyət göstərən psixoloqlar konsultasiya aparmalıdır. Uşaqların, işçilərin psixoloji vəziyyəti “ələkdən” keçirilməlidir. Videonun yayılması travma yaratsa da, öz növbəsində bu kimi hallar maarifləndirməni də artırır. Buna nə qədər gözümüzü yumub uşaqların barışdırıldığını desək də, ortada bir hadisə var. Bu kimi videolarla yanaşı, tərbiyələndirici, sosial çarxlar hazırlana bilər. Bu şəkildə cəmiyyət maariflənə bilər. Həmin uşaqların ailələrinə diqqət yetirmək lazımdır. Həmin uşaqları o hərəkəti etməyə nə təhrik edib? Mobbinqi edən uşaq və mobbinqə məruz qalan uşaq necə ailədə böyüyüb? Bunları bilmək lazımdır”.