Bakı 2˚C Sunny

Bugün Vaqif Mustafazadənin vəfatından 42 il ötür

Gündəm 14:00 16 dek, 2021

Görkəmli musiqiçi ilk dəfə caz və muğamın sintezini yaradıb

Bugün <span style="color:red">Vaqif Mustafazadə</span>nin vəfatından 42 il ötür

Azərbaycan cazının əfsanəvi siması Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-da vəfat edib. Həmin gündən 42 il keçməsinə baxmayaraq, bu virtuoz ifaçının musiqisi bütün dünyada daim sevilir. Cazın əsl biliciləri və sevənləri arasında elə bir insan tapmaq olmaz ki, ən azı bir dəfə bu musiqiçinin sehrli improvizasiyalarını eşitməmiş olsun.

Qazet.az bu tarix münasibətilə dünya şöhrətli cazmenin - Vaqif Mustafazadənin həyat və yaradıcılığında xüsusi məqamları xatırladır.

Vaqif Mustafazadə  16 mart 1940-cı ildə Bakıda tibb xidməti mayoru ailəsində dünyaya göz açıb. Atasının ölümündən sonra Azərbaycan xalq musiqisindən dərs deyən anası gələcək bəstəkarın tərbiyəsi ilə məşğul olub və bu iş oğlunun gələcək taleyinə böyük təsir edib. 1957-ci ildə Vaqif Ə.Zeynallı adına Bakı Musiqi məktəbinə daxil olub. 

Musiqiçi ilk dəfə caz və muğamın sintezini yaratmış və Azərbaycan cazının banisi kimi yaddaşlara həkk olmuşdur. 1972-ci ildə istedadlı bəstəkar özünün ən məşhur əsəri olan "Əlvida"nı qələmə alır. Mahnı Azərbaycanda böyük hitə çevrilir və ona beynəlxalq şöhrət qazandırır.

Cazmen fəaliyyəti boyunca müxtəlif ansambllar da yaratmağa nail olub. Onlardan birincisi - “Qafqaz” caz triosu Gürcüstan Dövlət Flarmoniyasında təşkil edilir. Bakıda “Leyli” (1970), “Sevil” (1971), “Muğam” (1977) vokal-instrumental ansambllarını yaradır.

Vaqif Mustafazadə bir sıra caz festivallarının - Tallin-66, Tallin-67, Bakı-69, Tbilisi-78 – o cümlədən, 1977-ci ildə Donetskdə Ümumittifaq festivalının laureatı olub və onu “Ən yaxşı pianoçu” kimi şöhrətləndirib.  1979-cu ildə Monakoda keçirilən beynəlxalq caz müsabiqəsində o, I mükafatı – ağ royalı qazanıb.

Görkəmli musiqiçi 1979-cu il dekabrın 16-da Daşkənddə səhnədə “Əzizəni gözləyirəm” bəstəsinin ifası zamanı ürək tutmasından dünyasını dəyişib. Bu zaman onun cəmi 39 yaşı var idi.

Ruhu şad olsun!