Burun əməliyyatı və dolğu etdirmək istəyənlərin NƏZƏRİNƏ - Mütəxəssis məsləhəti
İnsanın üz cizgilərində ən çox nəzərə çarpan və estetik görünüş baxımından fərqli göstərən onun burnu hesab olunur. Bir çox insanlar burnunun görünüşündən razı deyillər. Rinoplastika ilə burnun formasını düzəltmək, ölçüsünü böyütmək və ya azaltmaq, nizamlı forması olmayan burunları düzəltmək mümkündür.
Elə buna görə də, burun estetikası ölkəmizdə ən çox müraciət edilən əməliyyat növüdür. Dik, qələmlə çəkilmiş qədər dəqiq, bir-birinin eyni olan burunlar da bunu təsdiqləyir. Əksər qadınlar nəyin bahasına olur-olsun əyri, iri burunla yaşamaq istəmirlər. Lakin aparılan hər əməliyyat da uğurlu, ürəkaçan olmur. Bu da həmin insanlarda daha çox kompleks yaradır. Buna görə də ikinci, hətta üçüncü əməliyyata üz tuturlar, ya da ki, dolğu etdirib yaranan əyrilikləri ört-basdır etməyə çalışırlar.
Bu əməliyyatla bağlı tanınmış həkim, professor Vaqif Qələndərli Qazet.az-ın müxbiri Gülnar Süleymanovanın suallarını cavablandırıb.
-- Rinoplastika əməliyyatına üz tutan pasientlər əməliyyatdan öncə nələri bilməlidirlər?
"İlk növbədə, burun əməliyyatı etdirən insan düzgün mütəxəssis, cərrah seçməlidir. Bu birinci şərtdir. İkinci şərt isə əlbəttə ki, həkimin özü ilə danışanda həkim pasiyentin hər bir vəziyyətini yoxlamalıdır. Doğrudan da onun üzündə deformasiya varsa, üzünə yaraşmayan bir burnu varsa, onu əməliyyat edib, üzünə uyğunlaşdırmaq olar. Bəzən elə pasiyentlər olur ki, normal bir burnu var amma, başqa bir burun tipi istəyir, müxtəlif şəkillər təqdim edir. Lakin hər kəsin sifət quruluşu eyni deyil. Buna görə də qərar verməzdən öncə mütləq doğru həkim və ya mütəxəssis tapmalıdır ki, onunla bir yerdə məsləhətləşib əməliyyatı həyata keçirsin".
-- Rinoplastika əməliyyatı hansı mövsümdə icra olunmalıdır?
"Fərq etməz, əvvələr deyirdilər ki, yayda olmaz, qışda olmaz. İndi elə deyil. Çünki, əməliyyat metodikası dəyişib, hal-hazırda burun əməliyyatı 45 dəqiqəyə həyata keçirilir. Ona görə də mövsümün çox böyük bir əhəmiyyəti, təsiri yoxdur. Əsas odur ki, düzgün mütəxəssis seçimi olsun ki, hər hansı bir problem yaranmasın.
-- Burunun xarici görünüşündə qüsur varsa bu nəfəs almağa təsir edirmi?
"Nəfəs alma problemi varsa, estetik əməliyyatı da etdirmək məqsədə uyğundur. Ancaq bu o demək deyil ki, bir insanın burununun xarici görünüşündə qusur varsa mütləq nəfəsalma problemi də olacaq. Belə düşünmək düzgün deyil".
-- 18 yaşdan daha erkən dövrdə rinoplastika əməliyyatı icra oluna bilərmi?
"Ümumiyyətlə rinoplastika əməliyyatı etdirənlər arasında 15 yaşdan 70 yaşa qədər pasiyentlərimiz olub. Əgər nəfəs alma problemi varsa əməliyyat üçün 18 yaşı gözləməyə ehtiyac yoxdur. Ancaq normal bir əməliyyat qərarı üçün 17, 18 yaşı gözləmək daha məqsədə uyğundur".
-- Uğursuz əməliyyatdan sonra yenidən əməliyyat edib istənilən nəticəni əldə etmək mümkündürmü?
"Ola bilər, pasiyent düzgün mütəxəsis seçmədikdə xoşagəlməz forma meydana çıxar. Onu da korreksiya edib yenidən düzəltmək olar. Və yaxud da əməliyyatı edən cərrah plastik cərrah deyil, başqa bir həkimdirsə onda onu korreksiya edib formalaşdıra bilməz. Ona görə də, yaxşı olar ki, ilk əməliyyatda düzgün mütəxəssis seçilsin. Tutaq ki, əməliyyatı etdirmisiniz və burnunda problem yaranıb, onu yenidən korreksiya etmək cərrah üçün də , pasiyent üçün də çətindir".
-- Azərbaycanda bu əməliyyatı edənlər arasında qadınlar yoxsa kişilər üstünlük təşkil edir?
"Rinoplastika əməliyyatı etdirənlər arasında qadınlar üstünlük təşkil edir. Qadınlar demək olar ki, bu əməliyyatın 80 faizini təşkil edir. Bu göstərici tək bizdə deyil, bütün dünya ölkələrində də belədir".
-- Burun dolğusu haqqında nə deyə bilərsiniz? Burun dolğusu ilə hansı problemlər həll olunur? Dolğu etdirənlərdə gələcəkdə hansısa fəsadlar üzə çıxa bilər?
"Mən şəxsən dolğuya qarşıyam. Burun formasında deformasiyalar əmələ gəlibsə və yaxud da burun formasını düzəltdirmək istəyirsə bunu dolğu ilə düzəltmək olmaz. Çünki burda problem var. Dolğu da uzağı 4-5 ay qalır. Sonradan sovrulur gedir. Suni dolğu, gel sonradan daha da problemlər yaradır. Elə xəstələrimiz çox olub. Dolğu, gel vurublar burun daha da şişib, narazı qalıblar və onu çıxarmaq məcburiyyətində qalıblar. Təbii dolğunun gələcəkdə hansısa fəsadı olmur. Tərkibində polimer varsa, silikon tərkibli dolğular etdirənlərdə gələcəkdə problem yarana bilər".