Çexiyada prezident seçkiləri - 3 favorit namizəd var
Çexiyada bu həftə sonu prezident seçkiləri keçiriləcək.
Qazet.az xəbər verir ki, yanvar ayının 13-ü və 14-ü baş tutacaq seçkilərdə 8 namizəd iştirak edir.
Rəy sorğularına görə iki gün davabm edəcək prezident seçkilərində 3 favorit namizəd var. 68 yaşlı Andrey Babişin namizədliyi mühafizəkar ANO partiyası tərəfindən irəli sürülüb. Populist çıxışları ilə yadda qalan milyarder siyasətçi əvvələr Çexiyanın Baş naziri olub. Hazırda müxalifətdə olan Babiş Ukraynaya hərbi yardım göstərilməsinin ən sərt tənqidçilərindən biridir. Çexiyanın hazırkı prezidenti Miloş Zeman Babişi dəstəkləyir.
44 yaşlı Danus Nerudova seçkilərin favorit namizədlərindən biridir. İqtisadiyyat üzrə professor Nerudova heç bir siyasi partiyanın üzvü deyil.
Rəy sorğularında birinci yerdə gedən namizəd isə 61 yaşlı istefada olan general Petr Paveldir. 2015-2018-ci illərdə NATO-nun ali hərbi komitəsinin rəhbəri olan Pavel Ukraynaya hərbi yardımın göstərilməsinin tərəfdarlarındadır.
Ən son açıqlanan rəy sorğularına görə heç bir namizəd birinci turda qalib gələ bilməyəcək. Belə olan halda, ən çox səs toplayan ilk iki namizəd ikinci turda yarışacaq və bu turda ən çox səs qazanan şəxs prezident seçiləcək. Çexiya parlamentli respublika olsa da, prezident birbaşa xalq tərəfindən seçilir. Prezident ölkədə hökumətlərin formalaşdırılmasında güclü söz sahibidir. Dövlət başçısı, həmçinin ölkəni xaricdə təmsil edir, silahlı qüvvələrin alivbaş komandanıdır və Mərkəzi Bankın idarə heyətinin üzvlərini təyin edir.