Bakı 3˚C Mostly cloudy

Ceyhun Bayramov ATƏT-in prezidenti ilə görüşdü

Siyasət 15:55 02 dek, 2022
Ceyhun Bayramov ATƏT-in prezidenti ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumatlandırıb.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Qeyd olunub ki, tərəflər Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində bir araya gəliblər.

Görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT PA gündəliyində duran məsələlər, habelə regionda baş verən ən son proseslər, ATƏT PA-in Azərbaycan-Ermənistan normallaşma prosesinə mümkün töhfələri ətrafında fikir mübadiləsi aparılıb.

C. Bayramov Ermənistanın təxribatlarına və prosesləri ləngitmək siyasətinə baxmayaraq, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə, o cümlədən gələcək sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycanın səylərini davam etdirəcəyini bildirib.

Marqareta Sederfelt ATƏT PA-nın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb və bu xüsusda ATƏT PA-nın sülh prosesini dəstəkləmək üçün parlamentlərarası dialoqu təşviq etməyə hazır olduğunu ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.