Bakı 3˚C Mostly cloudy

Ceyhun Bayramov: "Azərbaycan Ukraynadakı müharibənin dayandırılması istiqamətində səylər göstərir"

Siyasət 03:27 13 mar, 2022

Düşünürəm ki, məsələ diplomatik yolla öz həllini tapmalıdır

Ceyhun Bayramov: "Azərbaycan Ukraynadakı müharibənin dayandırılması istiqamətində səylər göstərir"

"Türkiyə və Azərbaycan dövlət başçıları Ukraynadakı müharibənin dayandırılması istiqamətində səylər göstərir".

Qazet.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Haber Global”a açıqlamasında deyib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərin bütün aktorları əlindən gələni etməlidir ki, bu savaş dayansın:

"Əfsuslar olsun ki, bu, artıq 17 gündür davam edir. Günbəgün qurbanların sayı artır. Düşünürəm ki, məsələ diplomatik yolla öz həllini tapmalıdır. Bu istiqamətdə biz çoxsaylı təşəbbüsləri görürük. Savaş başlayandan sonra Prezident İlham Əliyevin həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışıqları olub. Bu gün bir çox dünya liderləri əlindən gələni edirlər ki, bu savaş dayansın".

Azərbaycanın xarici işlər naziri Ukraynaya göndərilən humanitar yardımlar barədə də danışıb:

"İki həftə ərzində Ukraynanı tərk edən insanların sayı 2,5 milyona çatıb. Bu vəziyyətə düşmüş insanlara humanitar yardımın göstərilməsi ümdə məsələdir. Azərbaycan da bu istiqamətdə fəal iş aparır. 26-27 fevral tarixlərində dərman və dərman preparatları, tibbi ləvazimatlarla yüklənmiş karqo təyyarələri Polşa üzərindən Ukraynaya göndərilib. Bu gün və sabah da Bakıdan növbəti 3 təyyarə göndəriləcək".

C.Bayramov bu gün Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşünə də diqqət çəkib.

"Uzun fasilədən sonra bu görüş çox önəmli bir addım oldu. Xüsusi bir dönəmdə, müharibə gedən zamanda belə bir görüşün təşkil edilməsi ilk növbədə Türkiyənin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Digər tərəfdən, qarşıdurmada olan ölkələrin Türkiyəyə olan inam və etibarının nümunəsidir. Ümumilikdə, mən bunu Türkiyə diplomatiyasının uğuru kimi qiymətləndirərdim", - nazir vurğulayıb.