Ceyhun Bayramov Hüseyn Əmir Abdullahianla Soçi görüşünü, Qarabağ bəyanatını müzakirə edib
Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının Aşqabadda keçirilən iclası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
Bu barədə Qazet.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər cari il BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Nyu Yorkda baş tutan görüşləri, habelə çoxsaylı telefon danışıqları zamanı əldə olunan razılaşmaların icrası istiqamətində aparılan konstruktiv işləri alqışlayıblar.
Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin cari ilin 21 noyabr tarixində Tehranda keçirilən görüşündən məmnunluq ifadə edilib.
Nazirlər, həmçinin bölgədəki cari vəziyyət, o cümlədən üç ölkə liderinin Soçi görüşü və 26 noyabr tarixində imzalanmış Bəyanat, ümumilikdə üçtərəfli bəyanatların icrası məsələləri, eləcə də bölgədə 3+3 formatında əməkdaşlıq platformasının vacibliyi ilə bağl fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin digər mühüm regional məsələlər, o cümlədən Əfqanıstanda vəziyyət və onun ölkə daxili və ətraf bölgəyə təsiri, eyni zamanda İranın nüvə proqramı və bu xüsusda Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə Vyanada aparılan danışıqlar ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.