Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri arasında telefon danışığı olub
10 yanvar 2023-cü il Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-də sədrliyi Azərbaycan-ATƏT münasibətləri, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesinə yaratdığı maneələr barədə qarşı tərəfi məlumatlandırıb.
Nazir, Ermənistanın Üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan Azərbaycanın qeyri-qanuni istismar olunmuş mineral resurslarının Ermənistana daşınması, o cümlədən Ermənistandan Azərbaycana 2021-ci il istehsalı minaların gətirilməsi ilə mina təhdidini davam etdirməsi, Azərbaycan ərazisindən hələ də çıxarılmamış erməni silahlı qüvvələrinin təminatı, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə sui-istifadə olunduğunu, bütün bu faktların Azərbaycan tərəfinin haqlı etirazına səbəb olduğunu bildirib.
Etirazlara gətirən səbəblər, eləcə də Azərbaycan tərəfinin monitorinq aparmaq məqsədilə danışıqlar cəhdi barədə məlumat verilərək, ölkəmizin vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyasının Azərbaycan ərazilərində 30 ilə yaxın işğal dövründə aparılmış və son dövrlərdə daha intensivləşmiş təbii sərvətlərin talanmasının qarşısının alınmasına yönəldiyi diqqətə çatdırılıb.
Laçın yolundan vətəndaşların, Beynəlxalq Qızıl Xaç Komitəsinin, təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin maneəsiz keçidini nümayiş etdirən video görüntülərin guya Azərbaycanın erməni sakinlərini “blokadaya” aldığı, bölgədə “gərgin humanitar vəziyyət” yaşanması barədə iddiaların əsassızlığını sübut etdiyi vurğulanıb.
Nazir Buyar Osmani, ATƏT çərçivəsində işlər və planlar barədə sədrliyin fikirləri ilə bölüşüb, bununla yanaşı, bölgədə sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində addımlar atılmasının və dialoqun vacib olduğunu diqqətə çatdırıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.