Çili memarları küləyə davamlı kotteclər dizayn ediblər
Çilidə Sakit okeana baxan iki minimalist ev (kottec) dizayn edilib.
Qazet.az xarici mətbuata istinadla xəbər verir ki, “Croxatto və Opazo Architects” arxitektura bürosunun layihəsi ilə hazırlanan kotteclərin biri dəniz səviyyəsindən 60 metr, digəri isə 80 metr hündürlükdə təpənin yamacında yerləşir. Sahələri cəmi 20 və 25 kvadratmetr olan mini evlər mətbəx, qonaq otağı, yemək otağı və yataq otağından ibarətdir.
Evlərin pəncərələri və terrasları elə yerləşdirilib ki, sakinlərə heyrətamiz mənzərələr təqdim edilsin və onları bu ərazi üçün xarakterik olan güclü küləklərdən qorusun.
Layihənin müəllifləri regionun sərt təbii şəraitinə optimal şəkildə uyğun olan materialları seçiblər. Fasadlar üçün neftlə işlənmiş şam ağacından və interyer üçün şam taxtalarından istifadə olunub.