Çin BMT tribunasından Tayvanla bağlı mövqeyini sərt şəkildə bildirib
Çin BMT Baş Assambleyasının tribunasından Tayvanla bağlı mövqeyini yenidən sərt şəkildə bildirib.
Qazet.az "Associated Press"ə istinadən xəbər verir ki, Çinin xarici işlər naziri Vanq Yi deyib ki, Tayvanı birləşdırmək siyasətinin qarşısına çıxan hər kəs “tarixin çarxları altında əziləcək”.
"Yalnız Çin tam şəkildə birləşdikdə Tayvan boğazında real sülh əldə edilə bilər", - Vanq Yi qeyd edib.
Çinli nazir vurğulayıb ki, Pekin xarici müdaxiləyə qarşı durmaq üçün ən qəti addımlar atacaq.
Qeyd edək ki, Çin 1949-cu il vətəndaş müharibəsindən sonra ayrılan və hazırda öz hökumətinə sahib olan Tayvana olan iddiasını qətiyyətlə müdafiə edir. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin son səfəri Vaşinqton və Pekin arasında gərginliyi kəskin şəkildə artırıb.