Cüneyt Arkının həyat hekayəsi
Ən çox “Qara Murat” obrazı ilə yadda qalan ustad aktyorun əsas peşəsi həkim olub

Xəbər verdiyimiz kimi, "Yeşilçam"ın əfsanəvi aktyoru Cüneyt Arkın bu gün səhər saatlarında dünyasını dəyişib.
Qazet.az 7-dən 70-ə qədər hər kəsin sevgisini qazanan və bir çox unudulmaz filmlərə imza atan Cüneyt Arkın həyat hekayəsini xatırladır.
Ən çox “Qara Murat” obrazı ilə yadda qalan ustad aktyorun əsas peşəsi həkimlik olub.
Əvvəl peşəsini, sonra da adını dəyişən Arkının əsl adı Fahrettin Cüreklibatırdır. Cüneyt Arkın əsgərlikdə olarkən kinoaktyorluq karyerasına başlayıb.
O, ehtiyatda olan zabit kimi hərbi xidmətini yerinə yetirərkən baş rolda Göksel Arsoyun oynadığı “Şafak Bekçileri” (1963) filminin çəkilişləri zamanı rejissor Halit Refiqin diqqətini çəkib.
Hərbi xidməti başa vurduqdan sonra Adana və ətraflarında həkim vəzifəsində çalışıb. 1963-cü ildə “Artist” jurnalının müsabiqəsində mükafat qazanıb. Bir müddət iş axtaran Cüneyt Arkın 1963-cü ildə Halit Refiqin təklifi ilə kinoda rol almağa başlayıb və 2 ildə 30-a yaxın filmə çəkilib.
Cüneyt Arkın filmlərdəki döyüş səhnələri ilə yaddaşlara həkk olunub. 1964-cü ildə çəkilmiş “Gurbet Kuşlar”ı filminin finalındakı döyüş səhnəsi Arkının karyerasında qırılma nöqtəsi olub.
Bir müddət emosional-romantik gənc obrazları canlandırdıqdan sonra Halit Refiqin təklifi ilə yenidən döyüş filmlərinə üz tutub. Həmin vaxtlar İstanbula gələn Medrano Sirkində 6 ay akrobatika məşqləri keçib.
O, burada öyrəndiklərini “Malkoçoğlu” və “Battalgazi” seriallarında tətbiq edərək, türk kinosuna özünəməxsus üslub gətirib. Tezliklə avanqard filmlərdə belə ən çox axtarılan aktyor olmağı bacarıb.
Romantik gənc filmlərlə başladığı kino həyatına cizgi filmləri ilə davam etsə də, demək olar ki, səsləndirdiyi hər bir personaja, rola həyat verib. O, karyerası boyu vesterndən komediyaya, macəra filmlərindən sosial filmlərə qədər müxtəlif janrlarda filmlərə çəkilib. Xüsusilə “Maden” (1978) və “Vətəndaş Rıza” (1979) filmləri Cüneyt Arkının yaradıcılığında xüsusi yer tutur.
4-cü Qızıl Barama Film Festivalında “Yaralı Qurd” filmindəki rolu ilə ən yaxşı kişi aktyoru seçilib.
Qeyd edək ki, o, 1964-ci ildə özü kimi həkim olan Gülər Mocanilə ailə həyatı qurub. 1966-ci ildə qızları Filiz anadan olub. 1968-ci ildə boşandıqdan bir il sonra Betül Cüreklibatur ilə evlənən Cüneyd Arkının Kanan və Murad adlarında iki oğlu olub.