David Tonoyan və “Patron Davo” milyonlarla dollarlıq mənimsəmədə ittiham olunur
Rütbəli şəxslərə qarşı da cinayət təqibi başladılıb

Ermənistanın Milli Təhlükəsizlik Xidməti keçmiş müdafiə naziri, Qarabağdakı müharibəni rüsvayçılıqla uduzmuş, amma özünü müharibədən əvvəl Azərbaycana münasibətdə lovğa və yekəxana aparan David Tonoyanın saxlanılması barədə rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, Ermənistan ordusunun ehtiyacları üçün döyüş sursatlarının təchizatı zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə və xidməti saxtakarlığa yol verilməsi işi üzrə ilkin istintaq aparılır.
Qazet.az xəbər verir ki, istintaq çərçivəsində xüsusilə iri məbləğdə mənimsəmədə şübhəli bilinərək keçmiş müdafiə naziri (2018-2020) David Tonoyan və Müdafiə Nazirliyinin podratçısı, silah-sursat təchizatı ilə məşğul olan şirkətin rəhbəri David Qalstyan saxlanılıblar.
Məlumata əsasən Tonoyan və Qalstan 4.5 milyon dolların mənimsənilməsində şübhəli bilinirlər. Habelə iş üzrə Ermənistan Müdafiə Nazirliyinin daha bir neçə keçmiş və indiki yüksək rütbəli şəxslərinə qarşı da cinayət təqibi başladılıb. İri miqyasda əməliyyat-axtarış tədbirləri və istintaq fəaliyyətləri aparılır.
Ötən gün axşam erməni KİV-ləri David Tonoyanın saxlanıldıqdan sonra başqa yerə getməmək barədə iltizamla sərbəst buraxıldığını yazıblar. Lakin prokurorluq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib, gözlənilir ki, Tonoyan bu gün həbs olunacaq.
David Qalstyan isə “Patron Davo” ləqəbi ilə tanınır və silah qaçaqmalçılığı ilə ad çıxarmışdı. O, “DG Arms Corporation” adlı şirkətin rəhbəridir və hələ Serj Sərkisyanın dövründə Rusiyanın Ermənistana havayı, yaxud çox ucuz qiymətə verdiyi silahları Suriya, Liviya və digər münaqişə zonalarına satmaqla məşğul idi. Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra da “Patron Davo” Müdafiə Nazirliyinin əsas təchizatçılarından biri kimi qalıb, onun adı İordaniyadan köhnə sovet “OSA” zenit-raket komplekslərini alıb Ermənistan Müdafiə Nazirliyinə satması ilə də gündəmə gəlmişdi. Habelə Qalstyan istifadə müddəti bitmiş raketləri də Ermənistan ordusuna ikiqat qiyməyə sırıyıb.