DÇ-də baş məşqçi kimi ən çox oyun keçirənlər
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.
Qazet.az IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, mundiallarda baş məşqçi kimi ən çox meydana çıxan mütəxəssislərin siyahısı tərtib olunub.
İlk pillədə almaniyalı Helmut Şön qərarlaşıb. O, 1966, 1970, 1974 və 1978-ci illərdəki turnirlərdə 25 qarşılaşmada ölkəsinin yığmasına rəhbərlik edib.
Braziliyalı Karlos Alberto Perreyra bu göstəriciyə görə ikincidir. 79 yaşlı mütəxəssis 1982-ci ildə Küveyt, 1990-cı ildə Birləşmiş Ərəb Əmirlikləri, 1994 və 2006-cı illərdə Braziliya, 1998-ci ildə Səudiyyə Ərəbistanı, 2010-cu ildə isə Cənubi Afrika Respublikasının yığması ilə mundialın iştirakçısı olub. Perreyra 24 görüşdə baş məşqçi funksiyasını yerinə yetirib.
İlk "3-lüy"ü digər braziliyalı Luis Felipe Skolari qapayıb. 74 yaşlı mütəxəssis 2002 və 2014-cü illərdə Braziliya seçməsinin, 2006-cı ildə isə Portuqaliya yığmasının sükanı arxasında olub. O, ümumilikdə 21 matçda baş məşqçi kimi meydana çıxıb.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.