Bakı 6˚C Intermittent clouds

Deputatlar sürücülük vəsiqəsinin alınmasına görə rüsumların artırılmasına razılıq verdi

Cəmiyyət 15:24 03 dek, 2021

Bu barədə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində bildirilir

Deputatlar sürücülük vəsiqəsinin alınmasına görə rüsumların artırılmasına razılıq verdi

Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır.

Qazet.az-ın məlumatına əsasən, bu barədə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində bildirilir.

Layihə parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Bundan başqa dəyişikliklə digər rüsumlar da artırılır.

Belə ki, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində olacaq.

Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçünrüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir. Əvvəl bu rəqəm 5 manat idi.

Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif olunur.

Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılır.

Qanuna təklif edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün isə 12 manat rüsum müəyyən edilib.