Bakı 18˚C Windy

Devalvasiya gözlənilirmi? - Ekspert rəyi

Gündəm 19:00 25 okt, 2021

“Hazırda bizdə yarım üzən məzənnəyə bənzər bir sistem mövcuddur”

Devalvasiya gözlənilirmi? - <span style="color:red">Ekspert rəyi</span>

Azərbaycanda son zamanlarda daxili bazarda artan qiymətlər ən sonda özünü elektrik enerjisi və təbii qazın qiymətində göstərib. Ancaq bütün bu artımların fonunda ölkə rəhbərliyi növbəti ilin büdcəsində əmək haqqı və təqaüdlərin artırılmasını tapşırıb. Nəzərə alsaq ki, hazırda inflyasiya ölkə daxilində mövcuddur, o zaman bir sual meydana gəlir. Hazırda Azərbaycanda devalvasiya ehtimalı varmı?

Azərbaycanda ən son devalvasiyadan artıq xeyli müddət keçməkdədir. Bəs hazırda olan qiymət artımı və inflyasiya göstəriciləri hər hansı devalvasiyanın olmasına səbəb ola bilərmi?

Bütün bu suallara Qazet.az-a açıqlaması zamanı iqtisad üzrə fəlsəfə doktoru, Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov cavab verib.

“Büdcə hazırlanarkən, eyni zamanda həm dünya bankı həm də Beynəlxaq Valyuta fondu ölkənin inflyasiya faizinin 3-4% arası olacağını təxmin etmişdi. Hökumət də buna yaxın rəqəmlər deyirdi, elə görünən odur ki, faiz göstəriciləri bu həddədir. Ancaq son günlərdə qaz və elektrik qiymətlərinin artımı eyni zamanda maya dəyərinə əlavə olunduğu üçün, zaman-zaman sahibkarlar bunu bəhanə edərək də qiymət artımına gedə bilər. Burada isə nəzarət vacibdir. Süni qiymət artımına gedilməzsə, müəyyən qədər önləyici tədbirlərlə birlikdə ola bilsin ki, proqnozlar özünü qorusun”. 

Elçin Süleymanov
iqtisadçı-ekspert

 

Onun fikrincə hazırda Azərbaycanda devalvasiya ehtimalı gözlənilən deyil. Buna səbəb isə hazırki neft qiymətləri və valyuta rezervinin göstəricilərinin yaxşı olmasıdır.

“Azərbaycan iqtisadiyyatının vəziyyəti əslində son illər get-gedə daha da yaxşılaşmaqdadır. Xüsusən 44 günlük müharibə, pandemiya və neft qiymətlərinin uzun müddət aşağı həddə olması ölkənin iqtisadiyyatına elə də ciddi zərər vurmadı. Bu özlüyündə əla nəticədir, ona görə ki, bütün bunların fonunda Milli Bankın valyuta rezervi 7 milyard bariyerini keçib. Bu isə devalvasiyadan sonra 2 milyard yarım artım deməkdir. Ona görə də mən hazırda Azərbaycanda manatın devalvasiya təhlükəsini gözləmirəm. Bu gözləntimin əsaslı səbəbləri isə həm Mərkəzi Bankın valyuta rezervləri həm də Dövlət Neft Fondunun gəlirlərindəki artımdır. İxracımızın idxaldan təxminən 7 milyard dollar artıq olması da bu fikirləri dəstəkləməkdədir. Neftin bir barelinin təxminən 85-86 dollara satılması iqtisadiyyatın rahatlamasına səbəb olub. Bu isə büdcədə nəzərdə tutulan neft qiymətindən təxminən 2 dəfə çoxdur. Əlavə olaraq, TAP layihəsinin fəaliyyətə başlaması, Avropa bazarında təbii qazın qiymətlərinin 1000 dollardan baha olması Azərbaycanın iqtisadiyyatına dəstəkdir” - deyə Elçin Süleymanov bildirib. 

Xatırladaq ki, TAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək boru xətti proyektidir. Hazırda isə Avropada təbii qaz qiymətlərinin yüksəlməsinin Azərbaycanın lehinə olacağı ehtimal olunur.

İnflyasiya faizlərinə də toxunan iqtisadçı-ekspert Elçin Süleymanov bildirib ki, inflyasiya rəqəmləri elə büdcədə ehtimal olunduğu qədərdir. 

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Dövlət Statistika Komitəsinin göstərdiyi rəqəmlərə əsasən hazırda ölkədə inflyasiya 5,2%-dir.

Azərbaycanda çox uzun illərdir ki, sabit məzənnə sistemindən istifadə olunur. Ancaq qonşu ölkələrdən nümunə çəksək, Türkiyədə isə əksinə uzun illərdir üzən məzənnə sistemi mövcuddur. Təbii ki, burada bu sistemin hazırki türk iqtisadiyyatının çətin vəziyyəti ilə bir əlaqəsi yoxdur. Bir çox ekspertlər isə düşünür ki, üzən məzənnə sistemi rəqabətliliyi daha da artırır və sabit məzənnə sisteminə nəzərən daha uğurludur. Elçin Süleymanov düşünür ki, Azərbaycanda dollardan başqa digər valyuta növləri demək olar ki, üzən məzənnə sistemindədir.

“Mərkəzi Bankın ümumi açıqlamalarında görünən odur ki, hazırda bizdə yarım-üzən məzənnəyə bənzər bir sistem mövcuddur. Amma dollar xaric demək olar ki, digər valyutalarla sistem üzən məzənnədədir. Dollarda isə nəzarət mövcuddur və məncə bu yaxşı amildir. Çünki dollar üzən məzənnədə olduğu təqdirdə müəyyən süni təsirlər ola bilər. Ona görə də valyuta rezervlərimizin bir az daha özünü toparlaması və 15-20 milyard həddinə gəlməsi halında üzən məzənnəyə keçmək daha məqsədə uyğun olar. Həmçinin əvvəlki devalvasiyaya zərurət edən səbəblər hazırda mövcud deyil. Ona görə mən düşünürəm ki, manatın dəyəri sabitdir, stabildir və ciddi bir təzyiq yoxdur. Mövcud şərait Azərbaycanın lehinədir” - deyə iqtisad üzrə fəlsəfə doktoru Elçin Süleymanov bildirib.

Paşa Bayramov


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.