Dezinformasiyaya qarşı mübarizə qanunu jurnalistika azadlığını boğmur - RƏY
"Türkiyədə dezinformasiyaya qarşı mübarizə haqqında qanunun jurnalistika azadlığını boğduğu iddia edilsə də, fikrimcə, bu, heç də belə deyil".
Qazet.az xəbər verir ki, bu barədə Report-a Türkiyənin "Aydınlık" qəzetinin Xəbərlər şöbəsinin müdiri, jurnalist Nadir Təməloğlu bildirib.
"Xüsusilə Qərb dövlətlərinin praktikasına da baxdıqda görə bilərik ki, başda Almaniya və Fransa olmaqla bütün Avropa ölkələrində internet mediasında, sosial mediada və əyani çap vasitələrində (qəzet, jurnal) dezinformasiya və cəmiyyətdə əsassız əndişə yaradan "xəbərlərə" qarşı qanunun xüsusi nəzarət mexanizmi mövcuddur", - N.Təməloğlu deyib.
Türkiyəli jurnalist qeyd edib ki, ölkəsində bu məsələ ilə əlaqədar hüquqi zəmində boşluq mövcud idi:
"Məsələn, Britaniyadakı "Reuters" institutunda araşdırmalara əsasən, Türkiyədə yalan xəbər nisbəti 50%-ə yaxındır. Yəni, iki xəbərdən birinin dezinformasiya olma ehtimalı çox yüksəkdir. Bu mənada bizim müzakirə etməyimizin lazım olduğu əsas məsələlərdən biri jurnalistika peşəsinin etik qaydalara söykənməsidir. Media "azadlığı" adı altında xüsusilə Qərb dairələrinin sifarişi ilə Türkiyə barədə yalan xəbəryayma bizim ictimaiyyətimizə də mənfi təsir göstərir".
N.Təməloğlu bildirib ki, sosial mediada bu kimi dezinformasiyaların yayılması daha rahat olduğu üçün, yeni qanun layihəsinin əsas fokus mərkəzi də məhz rəqəmsal media subyektləri olacaq:
"Bildiyiniz kimi, sosial mediada özəlliklə əndazəni aşan sərbəstlik əsassız xəbərlərin tirajlanması üçün istifadəçilər və sui-istifadəçilər arasında rahatlıq yaradır. Yeni qanunla həm media sahəsindəki bu təhlükə yaradan boşluq dolduruldu, həm də biz jurnalistlər üçün etika anlayışının yenidən bərpa edilməsinə təkan verildi".
Jurnalist, eyni zamanda qanunun mətbuat işçilərinə və media orqanlarına gətirdiyi müsbət dəyişikliklərdən də bəhs edib:
"Qanuna baxdığımız zaman 40 maddəlik ciddi bir layihənin şahidi oluruq. Burada məqsəd hansısa nəzarət mexanizmi formalaşdırmaq deyil. Eyni zamanda ictimai təhlükəsizlik, cəmiyyətin fiziki və düşüncə baxımından sağlamlığına zərər vuran materiallar müəyyən süzgəcdən keçiriləcək. Bu, mətbu orqanlara həm də maddi baxımdan faydalıdır. Belə ki, pandemiya dönəmində xüsusilə əyani çap vəsaitləri olan qəzetlərin tirajları xeyli dərəcədə aşağı düşdü. Eləcə də reklam bazarında qeyri-bərabər bölgü var idi. Yeni qəbul olunmuş qanuna əsasən bu məsələlər də ədalətlilik prinsipi əsasında öz həllini tapacaq".