Bakı 6˚C Dreary

Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başlayıb

Siyasət 13:09 07 sen, 2022
Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başlayıb

Azərbaycana səfər edən və tətillərini tarixi vətənlərində keçirməyə üstünlük verən diaspor nümayəndələri mədəniyyət paytaxtımız Şuşaya yola düşüblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qazet.az-a bildiriblər ki, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində yeddinci dəfə gerçəkləşən səfərdə 19 ölkədən 70-ə yaxın diaspor nümayəndəsi iştirak edir.

Səfərdə “Bazarbaşı” meydanı, Cıdır düzü, “Güllələnmiş heykəllər”in yerləşdiyi meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, Xurşidbanu Natəvanın evi, “Xan qızı” bulağı, Molla Pənah Vaqifin məqbərəsi, Üzeyir Hacıbəylinin heykəli, Bülbülün ev-muzeyi, Gəncə Qapısı, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidləri və digər görməli yerlər ziyarət olunacaq. Diaspor nümayəndələri Qarabağın incisi olan Şuşada aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olacaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrdə xaricdə yaşayan soydaşlarımızın hər il tarixi vətənlərini, xüsusilə də azad edilmiş torpaqlarımızı ziyarət etməsinin önəminə diqqət cəlb edilib.