DİM təlim təşkil edib
Dövlət İmtahan Mərkəzinin (DİM) Müsahibələrin təşkili şöbəsinin müdiri Xədicə Əzimova və həmin şöbənin aparıcı məsləhətçisi Kamran Səfərov, həmçinin Hüquqi təminat, dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil edilib.
DİM-dən Qazet.az-a bildirilib ki, təlimdə əməkdaşlar və müstəqil ekspertlər müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibənin məqsədi, müsahibəyə hazırlıq, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumatlandırılıb. Habelə təlimdə müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar verilməsinə, sualları və tapşırıqları verərkən müəyyən edilmiş vaxt bölgüsünə əməl edilməsinə diqqət yetirilməsi barədə məlumat verilib.