"Dinamo" Mahir Emreli ilə müqaviləni pozmaq istəyib
Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə müqaviləni pozmaq istəyib.
Qazet.az xəbər verir ki, buna FIFA-nın 25 yaşlı hücumçunu cəzalandırması səbəb olub. Futbolçu sabiq klubu olan Polşa "Legiya"sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün futboldan kənarlaşdırılıb.
Ali futbol qurumundan məktub aldıqdan sonra oyunçu ilə görüşən klub rəhbərliyi onunla vidalaşmaq istədiyini bildirib. FIFA və Zaqreb təmsilçisindən gələn xəbərdarlığı nəzərə alan Emreli bu gün Varşava klubuna 105 000 avro ödəniş edib.
Hələlik FIFA milli üzvü ilə bağlı qərarı ləğv etməyib. Qurumdan kluba da bu barədə hər hansı məlumat daxil olmayıb.
Qeyd edək ki, Mahir Emreli 2021/2022 mövsümünün birinci yarısını "Legiya"da keçirib. 2021-ci il dekabrın 12-də paytaxt təmsilçisi Plotsk "Visla"sı ilə Ekstraklasanın XVIII tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Emreli və Lukinyası döyüblər. Nəticədə azərbaycanlı futbolçu klubdan ayrılmağı qərara alıb və Zaqreb "Dinamo"suna keçib.