Direktor müavinlərinin işə qəbulu üzrə müsahibələrə start verilib
Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.
Qazet.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsindən məlumat veirlib.
Bildirilib ki, test imtahanının nəticələrinə əsasən, keçid balını (17 bal) toplamış 310 namizəd müsabiqənin şifahi müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır.
Qeyd edək ki, müsahibə proqramına “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları, təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamları, Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrləri, ümumi təhsil müəssisələrinin idarə olunması, məktəbdənkənar təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir təhsil proqramları, sanitar-gigiyena, yanğından mühafizə norma və qaydaları, fəal təlim metodları, sosial-psixoloji ünsiyyət metodları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və digər mövzular daxildir.