Bakı 18˚C Mostly sunny

Dmitri Kramarenko: "Portuqaliyada 7 top buraxdıqdan sonra özümə söz vermişdim"

İdman 14:48 04 noy, 2021

Yığmanın keçmiş qolkiperi "Matç TV"yə müsahibəsində 7 top buraxmasını acınacaqlı hal kimi dəyərləndirib

Dmitri Kramarenko: "Portuqaliyada 7 top buraxdıqdan sonra özümə söz vermişdim"

Hazırda Rusiyanın MOİK klubunda qapıçılarla iş üzrə məşqçi kimi çalışan Dmitri Kramarenko Azərbaycan millisində forma geyindiyi vaxt Portuqaliyaya səfərdə 0:7 hesabı ilə uduzduqları 2000-ci il Avropa çempionatının seçmə oyununu xatırlayıb.

Qazet.az-ın məlumatına görə, yığmanın keçmiş qolkiperi "Matç TV"yə müsahibəsində 7 top buraxmasını acınacaqlı hal kimi dəyərləndirib.

"Hələ həmin vaxt Kriştianu Ronaldu yox idi. Lakin rəqibimiz çox güclü idi. Biz səfərdə 0:7 hesabı ilə uduzduq" deyən 47 yaşlı mütəxəssis bundan çox məyus olduğunu vurğulayıb.

O, həmin qarşılaşmadan sonra Bakıdakı matçda uduzmamağı özünə söz verdiyini xatırlayıb: "Başa düşürdüm ki, bu qədər top buraxmağa haqqım yoxdur. Orada bizi ət kimi sərt doğramışdılar. Özümə söz vermişdim ki, cavab görüşündə ən azı uduzmayacağıq. Bakıda onlara qarşı iki gün oynadıq. İlk oyun günündə hesab 0:0 ikən stadionda işıqlar söndü. Nəticədə növbəti gün də oynamalı olduq və 1:1 hesablı heç-heçə etdik. Bu, böyük uğur idi".

Kramarenko Portuqaliyadakı məğlubiyyətdən sonra özünə gəlməsinin çox vaxt aparmadığını da dilə gətirib: "Səfər oyununun ardından atamla (mərhum Sergey Kramarenko ilə - red.) danışdım. Biz onunla hər bir matçı dəyərləndirirdik. Atam həmişə doğru-düzgün danışırdı. O dedi ki, baş verənləri unutmaq lazımdır. Ayağa durmaq, məşq etmək və növbəti görüşə hazırlaşmaq lazımdır. Baş verənləri yalnız bu cür unuda bilərsən".

Xatırladaq ki, Portuqaliya millisi Azərbaycan yığmasına 26 mart 1999-cu ildə Gimaraynşda keçirilmiş oyunda 7:0 hesabı ilə qalib gəlib. Bakıdakı qarşılaşmada 1:1 hesablı heç-heçə həmin il sentyabrın 4-də qeydə alınıb.