Bakı 2˚C Mostly cloudy

Dondu var, döndü yoxdur: Avropa qışa BELƏ HAZIRLAŞIR

Xəbərlər 07:43 01 sen, 2022
Dondu var, döndü yoxdur: Avropa qışa BELƏ HAZIRLAŞIR

İsti yayın son günlərini yaşayırıq, qabaqda isə qış gəlir. Enerji qiymətlərinin kosmik sürətlə artdığı Avropada indidən soyuqlar düşəndən sonra elektrik və qaza qeyri-adi şəkildə qənaət etməyə hazırlaşırlar.

Britaniyada qab-qacağı ləyəndə yumağı, pəncərə və qapı boşluqlarını doldurmağı, istifadə edilmədiyi zaman məişət cihazlarını elektrik şəbəkəsindən çıxarmağı, diod lampalarına keçməyi, vanna yox, duş qəbul etməyi, qeyri-yaşayış yerlərində istilik sistemini söndürməyi, yaşanmayan otaqlarda istilik sistemini dayandırmağı, digər otaqlarda isə azaltmağı tövsiyə edirlər.

Bir sıra şəhər muzeylərində kommunal xərcləri ödəyə bilməyən sakinlər üçün istilik məntəqələri yaratmaq istəyirlər. Bəzi məktəblər ən yoxsul tələbələr üçün sviter almağı düşünür. Market Drayton şəhərində işıqlandırmada telefon fənərlərindən istifadə edənlər var.


Fransada mağazalara kondisioner və ya istilik sistemi işə salındıqda qapıları açıq saxlamaq, gecələr işıqlı lövhələri və ventilyasiyanı yandırmaq qadağan edilib. İşıqlandırma sistemi tam gücünün maksimum 70, müştərilər olmadıqda isə uzaqbaşı 50%-dək işləməlidir. Bretanda tələbə auditoriyasını 19 dərəcədən yuxarı qızdırmaq qadağan edilib.

Almaniyada ictimai yerləri 19 dərəcədən yuxarı isitmək, ümumiyyətlə insanların "uzun müddət olmadığı" yerləri, hovuzlardakı suyu qızdırmaq qadağan olunub. Əlləri yumaq üçün isti sudan istifadə tövsiyə olunmur. İctimai binaların və tarixi abidələrin, hətta prezident iqamətgahı fasadının və Brandenburq Qapısının işıqlandırılması dayandırılıb.

Hannoverdə idman salonlarını 15 dərəcədən çox qızdırmamaq qərarına gəliblər. Münhendə ofislərdə isti suyu bağlayacaqlar, bir sıra ticarət mərkəzləri eskalatorları dayandıracaq.

Baden-Vürtemberq əyalətinin baş naziri evdə yalnız bir otağı isitməyi təklif edib və duş qəbul etmək əvəzinə, bədənini nəm parça ilə silir. Qaz şirkəti GASAG pilləkənləri qaçaraq çıxmağı və iki sviter geyinməyi məsləhət görür.


İspaniyada baş nazir Sançes nazirləri, məmurları və iş adamlarını kondisionerlərə qənaət etmək üçün lazımsız yerə qalstuk taxmamağa çağırıb, dövlət müəssisələrini 27 dərəcədən aşağı soyutmaq və 19 dərəcədən yuxarı isitmək qadağan olunub. Giriş qapıları avtomatik bağlanmalı, vitrin işıqları saat 22.00-a qədər söndürülməlidir.

İtaliyada da dövlət və təhsil müəssisələrini 27 dərəcədən aşağı soyutmaq və 19 dərəcədən yuxarı qızdırmaq qadağandır. Qadağaya əməl etməməyə görə 500-dən 3 min avroya qədər cərimə nəzərdə tutulur.

Finlandiyada şəbəkə operatoru Finqrid bildirib ki, qışda dükanlar elektrik enerjisi istehlakını azaltmaq üçün növbə ilə bir neçə saat bağlanmalıdırlar, soyuqlar düşəndə isə işıqlar bir neçə saatlıq kəsilə bilər.

Çexiyada elektrik enerjisinin qiymətinin artması ilə əlaqədar tələbələr distant təhsilə keçirilə bilər.

İsveçrədə ElCom Elektrik Komissiyasının rəhbəri əhalini şam və odun ehtiyatı toplamağa çağırıb.

Polşada vətəndaşlara soyuq gecələrdə donmamaq üçün meşələrdən odun yığmağa icazə verilib.

Litvada qənaət yarışları təşkil edilib - ən orijinal qənaət edənlər mükafat alacaqlar.(azvision.az)