Bakı 3˚C Mostly cloudy

Dövlət və ictimai xadim Bədirxan İsmayılovun vəfatından 11 il ötür - FOTOLAR

Cəmiyyət 00:10 19 noy, 2021

Xalqına şöhrətdi, elinə dayaq, 

Vətənində yenə xandı Bədirxan!

Qüdrətdən yaradıb Yaradan onu,

Şəxsiyyətdə xoş nişandı Bədirxan!

Dövlət və ictimai xadim Bədirxan İsmayılovun vəfatından 11 il ötür - FOTOLAR

2010-cu ilin soyuq payız ayında Borçalı ziyalılarının görkəmli nümayəndəsi, dövlət və ictimai xadim Hacı Bədirxan İsmayılov 76 yaşında dünyadan köçdü. Bu nəcib insanı yada salmaq məqsədi ilə onunla həmsöhbət olmuş, dəyərli şair-publisisti, eyni zamanda tanınmış jurnalist Əbdüləli İbrahimsoyun Gürcüstanda çıxan “Çənlibel” qəzetində işıq üzü görmüş məqaləsini oxucularımıza təqdim edirik. 1997-ci ilə səyahət... 

 

                                                                       DAĞDAN  AĞIR KİŞİ

...Yağlıcanın dolanbac yollarında şütüyən maşınımız Qarayazıya – qədim bir mahala tələsirdi. Kürboyu yol qısaldıqca yadıma ulu bir elin – Kosalının uzaq keçmişi düşürdü. 1728-ci ildə tərtib olunmuş “Dəftəri – müfəssəl - əyaləti – Tiflis” əlyazısındakı Kosalı kəndinə aid qeydləri xatırlayırdım. Qarayazıda öz çəkisi, urvatı olan bu elin daşlaşmış tarixini araşdırmaq imkanımıza daxil olmasa da, onun üstündən ötəri keçməyi məqsədəuyğun saydıq. 

Kosalı – Nəzərli bir eldir. Öz “ağrı-acılarıyla, umu-küsüləriylə heyrətamiz bir zənginliyə, rəngarəngliyə” malikdir. Adamlarının qeyrəti də, namusu da, torpaq sevgisi də bir ölçü-biçimdədir. İgidlərin, ərənlərin, qaçaqların görüş yeri olub bu oymaq. Bizə və dünyamıza Xozeyin və İsaxan kimi igidlər, Camal Mustafayev və Hamlet İsaxanlı kimi dünya şöhrətli alimlər, Aşıq Əlixan Qarayazılı kimi dədələr, Aşıq Aslan Kosalı kimi ustadlar, Məmməd Xiyalov kimi istedadlı rəhbər, müdrik insan bəxş edib bu el. 

Belə bir ağır elə həsəd apara-apara şair Dərviş Osmanla soraqlaşa-soraqlaşa bu gün Kosalının qeyrət və güvənc yeri sayılan möhtərəm el ağsaqqalı, bacarıqlı təsərrüfatçı, səriştəli rəhbər, müdrik və böyük Yaradana iman gətirən Bədirxan İsmayılovu tapdıq. Gəlişimizin məqsədini duyanda işdən macal tapıb bizimlə həmsöhbət ola bildi.   

Bədirxan İsmayılovu çoxdan tanıyırdım. İşin çəmini, torpağın və adamların dilini biləndi. Uzun illərdir ki, Qarayazıda onun işinə, bacarıq və səriştəsinə həsəd aparırlar. Ömrü boyu vəzifədə çalışıb, elə bu gün də Ruisbolo dövlət təsərrüfatına başçılıq edir. Kolxoz quruculuğu illərinin təzyiqləri, atası Mahmud kişinin bəyliyi belə onu kommunist rejimində məğlub edə bilməmişdi. Böyük bir eli arxasınca aparmaq bacarığı onu əlçatmaz bir ucalığa gedən yola düzləndirmişdi. Rəhbərlik etdiyi təsərrüfatlarda xarüqələr iddiasında olub Bədirxan kişi. Öz ad-sanı ilə Sovetlər Birliyi dönəmində tanınan xeyirxah insan Məmməd Xiyalovun, Gürcüstanda xalqımızın və millətimizin əvəzsiz komandiri Məhərrəm Həsənovun açdıqları izlə öz amalına, istəyinə qovuşmaq səadəti qazanıb o. 

 

(Foto: Hacı Bədirxan İsmayılov. 10 may 1934-cü ildə Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində doğulub. Mənsub olduğu Hacılılar nəsli Kosalıda ən böyük nəsildir. Bədirxanın ulu keçmişindən yeddi nəfər Həcc ziyarətində olub).

Kirov adına təsərrüfatdan Ruisboloya rəhbər keçəndə Bədirxan İsmayılov kosalıların etimadını qazanmaq, Məmməd Xiyalov ənənəsinə sadiq qalmaq iddiasını çoxlarına açıqlamamışdı. Bu yükü, ağrını içində çəkməyi özənə rəva bilmiş, sarsıntılara, çətinliklərə dözmüşdü. Elin çağırışı, Vətənin harayı Bədirxan kişini “indi qeyrət dəmidir” deyə səsini ucaltmağa sövq etmişdi. Ardsız-arasız hücumlar, tarla “kort”larındakı sui-qəsdlər belə onu məğlub elə bilməmişdi. 15 min ton tərəvəz istehsal etməyi heç də asan sanmayın! Öz sələflərinin ardınca bol tərəvəz, bol taxıl, ət, süd və ot tədarük etmək onun hər keçən narahat gününün ağrısı idi.

Hər dəfə gözləri önünə ötən günlər gəlir. Nə qədər çətin, nə qədər əzablıymış onlar. Bu çətinliyin, əzabın içində boğulan Bədirxan kişi birdən sanki yuxudan ayılır və başını bulayır... hər şey artıq arxada qalıb. Bir də yadına şirin xatirəli günlər düşür: İydəli bulaq, Qəmli çay, Cəhəngir, Çaxırtökülən, Arxaşan, Qaraisəli, Soyuqbulaq, Cırcır bulağı, Qırxbulaq, Başkeçid dağları! O xoş günləri unutmaqmı olar?! O bulaqların başında məclislər qurardı Bədirxan kişi, el-ulusunun sanballı oğullarıyla saza-sözə müştaq olardı. Aşıq Əlixanın, Aşıq Aslanın oxumalarından doymazdı. O günlərin hərəsi min aya dəyərdi. İndi onlar üçün təəssüflənir Bədirxan kişi. Yağılar oymağına, qorxu çanağına dönüb indi o dağlar, o dərələr. Heyhat!.. 

(Foto: 1953-1972-ci illər Gürcüstan KP Mərkəzi Komitəsinin I katibi, 4-8-ci çağırışlar SSRİ Ali məclisinin deputatı Vasili Mjavanadze (solda) və Ruisbolo dövlət təsərrüfatının (sovxoz) direktoru Bədirxan İsmayılov. Moskva, 1966-cı il).

   

Səni-ünü Alosmana yetib bu gün Bədirxan kişinin. Təkcə Kosalının, Qarayazının deyil, neçə-neçə oymaqların gərək yeri, səxavət bayrağı, səadət nurudu. Ömrün haray-həşirli çağlarından ləngərli və oradan da müdriklik ləşkərinə qədər əliaçıqlıq, xeyirxahlıq məqamına yetişib o. Bu gün ömür kitabına daha bir zər naxış düşüb – hacılıq naxışı. Bədirxan kişinin soykökünə hacılar deyirlər. Kosalıda ən böyük nəsildir. Ulu babalarının, əmisinin çatdığı Tanrı yetəyi ona da nəsib olub bu il. Bədirxan kişi bu məqamı belə açıqlayır: “Müqəddəs ziyarət arzusu içimdə çoxdan qövr eləyirdi. Ulu keçmişimdən yeddi nəfər Həcc ziyarətinə gedib. Onların ruhu və əqidəsi qarşısında özümü həmişə borclu sayırdım. Böyük bir nəsli daha da şövqləndirmək, şöhrətləndirmək istəyi məni rahat buraxmırdı. Allahsızlar quruluşu bu niyyətim qarşısında həmişə sipər olurdu. Düşünüb-daşınırdım. Və inanırdım ki, zaman o zaman gələcək ki, bu sədd dağılacaq, babalarımın getdiyi yolun yolçusu olacam. Nəhayət, niyyətim çin oldu”. 

Bəli, Bədirxan İsmayılov daha bir zirvəni aşdı. Paklaşdı, büllurlaşdı, ömrün başqa bir axarına düşdü. Mərhum həyat yoldaşı Dilarə xanımın və övladlarının murazına yetdi. Bu yol başqa bir yoldur – təmizlik, ülvilik yolu, Peyğəmbərimizin yoludur. Bəzən ruhu pərvazlananda əlçatmaz, ünyetməz olur Bədirxan kişi. Dünyanın dərd-azarını çəkmək, ən böyük ağrılarını içinə yığmaq, fağır-füqəraya əl tutmaq qeyrəti var onun. Bu, Haqqın əsil-nəslinə saçdığı nurun şölələridi. Haqq özü verib bu qisməti Hacı Bədirxana.

Bir vaxt keçmişindən nur yığan Bədirxan kişi indi özü nur paylayır. Bunu biz deyirik. Özüsə deyir ki, həmin nur Hacılılar nəslinin nurudur – üzündən şölələnir. Burada bir həqiqət var. Bu heç də Hacı Bədirxanın təvazökarlığı deyil. Bu, Hacı Bədirxanın həqiqəti etirafıdır.     

(Foto: Bədirxan İsmayılov həcc ziyarətində. Məkkə şəhəri, 1997-ci il).

 

Bu gün Kosalıda dağdan ağır kişi deyəndə ağlıma Dədə Əlixan, Camal müəllim və bir də Hacı Bədirxan gəlir. Ağır oturub batman gəlmək indi Hacı Bədirxana daha çox yaraşır. Ucuzluğu, cılızlığı özünə qətiyyən yaxın buraxmaz. Ulu keçmişin müqəddəsliyi məni qana-qarğışa tutar deyir. Müxənnətlik də gəlməz əlindən. Sözünün, hərəkətinin çəkisini, yerini bilən adamdı. Gahdan özündə Camal Mustafayev paklığı, Aşıq Əlixan şövqü duyur, gahdan da Hatəmtay olur, Rüstəm-Zala bənzəyir. Bu sətirləri yazdıqca hisslər məni çulğayırdı, təbim coşurdu. Onun şəninə nəsə qoşmaq istəyirdim. Lakin...ilhamım imdadıma çatmırdı. Və birdən şair dostum Allahverdi Məsimoğlunun yazdığı şerin misralarını xatırladım: 

 

Xalqına şöhrətdi, elinə dayaq, 

Vətənində yenə xandı Bədirxan!

Qüdrətdən yaradıb Yaradan onu,

Şəxsiyyətdə xoş nişandı Bədirxan!

 

Xaliq ona verdi külli-ixtiyar,

Səcdəsinə gəlir cümlə xaqanlar.

Meydan açıb Rüstəm-Zala bərabər,

Qoç balası qoç oğlandı Bədirxan!

 

Camalı günəşdi, qəddi minarə,

Müxənnətdən ona dəyməsin yara.

Gərdişi bənzəyir şaha, xotkara,

Hökümdə də Süleymandı Bədirxan!

 

Heç kimdən, kimsədən yoxdu zavalı,

Ürəyi coşğundu, könlü havalı.

Mərifətdə gördüm Hatəm misallı, 

Qaranlığa çıraqbandı Bədirxan!

 

Məsimoğlu, varmı sənin xəbərin,

İşində möhkəmdi, kamalda dərin.

Timsalıdı Koroğlunun, Kərəmin,

Şücaətdə qəhrəmandı Bədirxan!

(Foto: Sovet İtifaqı Komunist Partiyasının XXIII qurultayının deputatı Bədirxan İsmayılov (sağdan ikinci) və qurultayın Zaqafqaziya nümayəndələri. Moskva, Kreml sarayı, 1966-cı il).

 

Qarşımda bir kişi oturub - saç-saqqalı dümağ, üz-gözündən nur yağır. Sözünün-söhbətinin şirinliyindən doymaq olmur. Bu, Kosalı elinin qeyrət çanağı, sevgi yığnağı Hacı Bədirxan İsmayılovdur. Araya çökən biranlıq sükut çox mətləbləri açıqladı. O mətləbləri mən çöhrəsinə qonmuş təbəssümdən, gözlərinin dərinliyindəki mənalı baxışlardan anladım. Anladım ki, hələ Hacı Bədirxanın görəsi işləri çoxdur. Ömür macal versə qəlbindən keçənlərin hamısını edər o.

...Kosalıdan ayrılanda yaddaşıma çox şeyləri yazdım. Ancaq məni ən çox özünə çəkən Hacı Bədirxanın bənzərsizliyi, özündə özüydü. Yolboyu düşünürdüm: onun haqqında yazacam…özüdə mütləq yazacam! Təki sağlıq olsun!

 

Əbdüləli İbrahimsoy. “Çənlibel” qəzeti, 1997-ci il.