Bakı 6˚C Showers

Dövlət Xidməti bunları ƏDV-dən azad etdi

Biznes 13:55 10 yan, 2023
Dövlət Xidməti bunları ƏDV-dən azad etdi

Vergi Məcəlləsində edilmiş son dəyişikliklərin bir hissəsi investisiya mühitinin cəlbediciliyinin artırılması məqsədini daşıyır.

Dövlət Vergi Xidmətindən Qazet.az-a bildirilib ki, Vergi Məcəlləsinə əsasən, sənaye, yaxud texnologiyalar parkının rezidentləri və investisiya təşviqi sənədini alan vergiödəyiciləri tərəfindən istehsal sahələrinin tikintisi, elmi tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədilə idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular idxal zamanı ödənilən ƏDV-dən azaddır.

Lakin bu kateqoriyaya daxil olmayan vergiödəyiciləri eyni əməliyyatlara görə gömrük orqanlarına böyük həcmdə vergi ödəməli idilər ki, bu da onların maliyyə vəziyyətində çətinliklərə səbəb olurdu.

Sözügedən halların aradan qaldırılması, ölkədə investisiya qoyuluşlarının stimullaşdırılması məqsədilə qanunvericiliyə edilmiş son dəyişikliklərlə idxal olunan əsas vəsaitlər ƏDV-dən azad edilib. Siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq əsas vəsaitlərin idxalı müddətsiz olaraq ƏDV-yə cəlb edilməyəcək.

Bu təşviqlər ölkə iqtisadiyyatı üçün prioritet hesab edilən sahələr üzrə idxal edilən əsas vəsaitləri, o cümlədən emal və istehsal avadanlıqları və digər əsas vəsaitlərin idxalını əhatə edəcək. Bununla da, dövriyyə vəsaitlərinə qənaət edilməsi yolu ilə müvafiq sahələr üzrə iqtisadi artıma nail olunacağı proqnozlaşdırılır.