DSMF-nin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib
İstintaq zamanı vurulmuş ziyanın qismən ödənilməsi təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Masallı rayon şöbəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı həmin Nazirliyin müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Baş Prokurorluqdan Qazet.az-a verilən məlumata görə, istintaqla sözügedən qurumun Sosial yardım və müavinət sektorunun sabiq müdiri Rövşən Həzərxanovun həmin sektorda müvafiq olaraq baş məsləhətçi və məsləhətçi vəzifələrində işləmiş Malik Əlihüseynov və Şaiq Muxtarlı ilə qabaqcadan əlbir olaraq 2017-2020-ci illər ərzində rəsmi sənədlərə yalan məlumatları daxil etməklə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlir və xərclərin artıq ödənilməsi və az hesablanması yolu ilə onlara etibar edilmiş 14 min 490 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talamalarına, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə 122 min manat məbləğində ağır zərər vurulmasına səbəb olan səhlənkarlıq hərəkətlərinə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Həzərxanov və adları qeyd edilən digər şəxslərə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
İstintaq zamanı vurulmuş ziyanın qismən ödənilməsi təmin edilib.