Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib
"Bütün görüşlər çətindir. Zədələrim, problemlərim var idi".
Qazet.az-ın məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) Bakıda keçirilən Dünya Kubokunda macarıstanlı Zoltan Levaiyə 8:1 hesabı ilə qalib gəldiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
Uzun müddət döşəkdən kənarda qaldığını xatırladan idmançı Son 3-4 gündə formaya düşmək üçün məşq etdiyini bildirib: "25 gün öncə qabırğam sınmışdı. Ümumiyyətlə, bu, ayrı-ayrı vaxtlarda 3-cü belə zədədir. Ağrıkəsici ilə güləşdim, yenə xeyri olmadı. Hansısa fəndin icrası zamanı zədə məni incidir".
Süleymanov son saniyələrdə tətbiq etdiyi baxımlı fənddən də söz açıb: "Rəqibi tutmaqdan çox şey asılıdır. Elə bir an oldu ki, fəndi tətbiq etdim və ağrını fikirləşmədim. Fənd kifayət qədər effektiv alındı".