Bakı 2˚C Showers

Dünya kütləvi aclıq astanasında: İki seçim yolu var - “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Xəbərlər 11:59 26 noy, 2022
Dünya kütləvi aclıq astanasında: İki seçim yolu var - “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Gələn il ərzində ərzaq qıtlığı ehtimalı yüksək olacaq. Qlobal bazarlar təhdidlərlə qarşı qarşıyadır. Dünya indi iki seçim qarşısındadır: ya inflyasiyaya gedilməli, ya da qlobal iqtisadi böhran elan edilməlidir. Hələlik birinciyə üstünlük verilir. ​

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik.

Rusiya-Ukrayna müharibəsi dünyanın siyasi mənzərəsini ciddi şəkildə dəyişdirməklə yanaşı, iqtisadi və sosial çətinliklərə də yol açıb. Hərbi əməliyyatlar dünya bazarlarında kəskin bahalaşma yaradıb, inflyasiya təzyiqlərini də yüksəldib. Bunun nəticəsidir ki, bu gün dünya qiymət artımını, ərzaq qıtlığını ciddi şəkildə hiss edir. Nüfuzlu mərkəzlərin proqnozlarına görə, 2023-cü il ərzində dünyada ərzaq qıtlığı ehtimalı yüksək olacaq. Bu il bütövlükdə dünyada Ukrayna münaqişəsi fonunda ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunub. Düzdür, müxtəlif ölkələrdə vəziyyət eyni deyil - ən yoxsul bölgələr digərlərindən daha çox əziyyət çəkir. İyulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında imzalanmış taxıl sazişi kənd təsərrüfatı məhsullarının Ukrayna limanlarından maneəsiz ixracına imkan yaradıb, taxılın qiymətini sabit saxlayıb və qlobal qıtlıq riskini azaldıb. Lakin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, bu il qlobal ərzaq idxalı xərcləri rekord səviyyəyə - 1,94 trilyon dollara yüksəlib. Buna səbəb isə istehsal xərclərinin kəskin artması və təchizat zəncirinin pozulması olub. Ekspertlərin qeyd etdiyi kimi, qlobal bazarlar monetar və fiskal təhdidlərlə qarşı-qarşıyadır. Dünya indi iki seçim qarşısındadır: ya inflyasiyaya gedilməli, ya da qlobal iqtisadi böhran elan edilməlidir. Hələlik birinciyə üstünlük verilir.

Hər gün təxminən 828 milyon insan ac yatır

BMT bu günlərdə rəsmi olaraq dünya əhalisinin 8 milyard nəfər həddinə çatdığını açıqlayıb. Son onilliklərdə müşahidə olunan və bundan sonra da davam edəcək əhəmiyyətli artıma diqqət çəkən təşkilat, bütün dünyada ərzaq təhlükəsizliyi və qiymətlərlə bağlı narahatlıqlarını dilə gətirib. Dünyada ərzaq yardımı göstərən BMT-nin Ümumdünya Ərzaq Proqramına (WFP) görə, hər gün təxminən 828 milyon insan ac yatır. 2019-cu ildən bəri ərzaq təhlükəsizliyi riski ilə üzləşən insanların sayı 135 milyondan 345 milyona yüksəlib.

Hər il dünya qidalanma üçün təxminən 4 milyard ton ərzaq istehsal edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, bütün ərzaqların demək olar ki, üçdəbiri, - təxminən 1,3 milyard ton meyvə, tərəvəz, süd və ət məhsulları israf edilir.

2080-ci ildə dünyada əhali sayı 10 milyard nəfəri keçəcək

Paralel olaraq 1950-ci illərdən etibarən dünya əhalisinin sayı da tədricən artır. 2020-ci ildə artım 1 faizdən bir qədər az idi. BMT-nin son proqnozlarına görə, dünya əhalisi 2030-cu ilə qədər 8,5 milyarda, 2050-ci ilə qədər isə 9,7 milyarda çata bilər. 2080-ci ildə əhali sayının 10,4 milyard nəfərə çatacağı gözlənilir. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Əhali Bölməsinin məlumatına görə, Hindistan gələn il dünyanın ən çox əhalisi olan ölkəsi kimi Çini keçəcək. 2050-ci ilə qədər dünya əhalisinin proqnozlaşdırılan artımının təxminən yarısı səkkiz ölkədə olacaq: Konqo Demokratik Respublikası, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniya Birləşmiş Respublikası. 

Birgə fəaliyyət planı hazırlanmasa

 

G20 sammitində BMT-nin baş katibi dünya liderlərinə bildirib ki, birgə fəaliyyət planı hazırlanmasa, ərzaqla bağlı problemlər 2023-cü ildə ərzaq qıtlığına səbəb olacaq. Ukraynadakı böhran qiymətlərin artmasına səbəb olub. Həm Rusiya, həm də Ukrayna buğda, arpa, qarğıdalı və bitki yağının mühüm tədarükçüləridir. May ayında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer bildirib ki, vəziyyət qlobal miqyasda ərzaq və gübrə çatışmazlığına gətirib çıxarıb və bu, bütün dünyada istehlakçılar və fermerlər üçün yüksək qiymətlərə səbəb olub. BMT-nin hesabatına görə, vəziyyət koronavirus pandemiyası səbəbindən daha da pisləşib. Oktyabr ayında Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bisli bildirib ki, dünya kütləvi aclıq astanasındadır və liderlər humanitar yardımı təmin etmək üçün hərəkətə keçməlidirlər.

BMT-nin məlumatına görə, Afrikanın Saharaaltı ölkələrində ərzaq təhlükəsizliyi riski 66,2 faiz təşkil edir. Dünyada kifayət qədər qidalanmayan insanların yarıdan çoxu Asiyada, üçdəbiri isə Afrikada yaşayır.

Azərbaycan vəziyyətdən çıxacaq

Azərbaycanda ərzaq böhranı özünü qiymətlərin baha olması, inflyasiyanın sürətlənməsi ilə göstərməkdədir. Yerli ekspertlər hesab edir ki, Azərbaycanın buğda aldığı hər iki ölkədə - Rusiya və Qazaxıstanda bu il buğda istehsalında artım proqnozlaşdırılır. Bu o deməkdir ki, əsas ərzaq məhsulu olan buğda təchizatında qıtlıq yaranmayacaq. Lakin Azərbaycan qlobal bazar qiymətlərinin bahalaşması fonunda buğda bazarında kəskin qiymət rəqabəti ilə üzləşə bilər. İşğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycanda ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur. Beləliklə də, növbəti il ərzində ölkəmizi ərzaq böhranı gözləməsə də, büdcədən ayrılacaq vəsait baş verə biləcək hər hansı fors-major hallardan yaxa qurtarmağa kömək edə biləcək.