Bakı 16˚C Windy

Dünya reytinqində Azərbaycan universitetləri niyə yoxdur? - Ekspert Rəyi

Eksklüziv 18:35 03 noy, 2021

Qazaxstan bizdən daha əvvəl sistemli şəkildə reytinqlərin tələb etdiyi istiqamətdə yatırımlar edərək irəliləməyi bacarıb

Dünya reytinqində Azərbaycan universitetləri niyə yoxdur? - <span style="color:red">Ekspert Rəyi</span>

Hər il müxtəlif reytinq cədvəllərində dünya universitetlərinin sıralamasını görürük. Gözümüz isə siyahılarda Azərbaycan universitetlərini axtarır.

Xarici universitetlərdə təhsil almış hər bir azərbaycanlı gənc Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyat Təminatı Agentliyinə yollanaraq öz diplomunu ölkə daxilində də tanıda bilər. Bəzən burada bir sıra tələblər və maneələrlə qarşılaşmaq da mümkün olur.  

Universitetlərin səviyyələrinə görə dünya reytinqi mövcuddur. Ən tanınan reytinq cədvəllərindən biri də "Şanxay Dünya Sıralaması"dır. Bu sıralamada dünyanın ən yaxşı 1000 universiteti yer almaqdadır. Bu reytinq əsasən təhsilin keyfiyyəti və akademik heyətinin illik elmi məqalələrinə görə hesablanır. 

Məsələnin maraqlı tərəflərindən biri isə budur ki, bu siyahıda Azərbaycanın heç bir universiteti yer almır. Həmin bu siyahıya başçılığı ABŞ universitetləri edir. İlk 10 yerdə 8 ABŞ və 2 Birləşmiş Krallıq universiteti yer alır. Qonşularımızdan Türkiyənin bu siyahıda 8 universiteti yer alır. Onlardan ilk 500 yeri tutanlar arasında 1 universitet var və bu universitet də İstanbul Universitetidir. 

Rusiyadan isə siyahıda 9 universitet var. Onlardan ən prestijlisi dünyanın 91-ci ən yaxşı universiteti olan Moskva Dövlət Universitetidir. 

Keçmiş sovet ölkələrindən olan, həm əhalisinin sayına görə, həm də ərazisinə görə Azərbaycandan kiçik olan Estoniyadan 1 (ilk 500) , Litvadan isə 2 universitet bu siyahıda yer tutub. 

Bu məqamda isə sual yaranır. Niyə heç bir Azərbaycan universiteti bu prestijli siyahıya daxil ola bilmir? Mövzu ilə bağlı Qazet.az-ın suallarını iqtisad üzrə fəlsəfə doktoru, Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov cavab verib. 

Elçin Süleymanov - Publika.Az
Elçin Süleymanov

Onun fikrincə, əslində hazırda Azərbaycan universitetləri düzgün yoldadır. Gələcəkdə isə gözlənilən odur ki, bir neçə universitetimiz dünya sıralamasında yer tutmağı bacaracaq.

“Dünya universitetlərinin reytinq cədvəli bir neçə komponentə görə hesablanır.  Təhsil Nazirliyinin də bildirdiyi kimi ən etibarlı siyahı məhz ”Şanxay Dünya Universitetləri Reytinq Cədvəli"dir. Burada reytinqi müyyənləşdirən əsas amillərə xarici müəllimlərin sayı, tədqiqatçıların sayı, tələbə və xarici tələbə nisbəti, eyni zamanda nəşrlər və nəşrlərə istinadlar, qəbul olunan layihə həcmi və s. aiddir. Əslində Azərbaycan universitetləri son illər müəyyən hesablamarda yer alır və bəzi komponentlərdə ilk 1000-ə də düşməyi bacarırlar. Təbii ki, qlobal siyahıda ilk 1000 universitet arasına daxil ola bilmirlər. Azərbaycanın 7 universiteti hazırda "QS" dünya universitetləri reytinqinin regional siyahılarında yer alır. Mən düşünürəm ki, universitetlərimiz hazırda düzgün yoldadır və eyni zamanda Təhsil naziri bu yaxınlarda "QS" təşkilatı ilə müqavilə imzalayıb. Bu siyahıda yer alan 7 universitetimizə "QS" təşkilatı da texniki dəstək göstərəcək. Qazaxstan bizdən daha əvvəl sistemli şəkildə reytinqlərin tələb etdiyi istiqamətdə yatırımlar edərək irəliləməyi bacarıb. Ancaq görünən odur ki, gələcəkdə ilk 1000 universitet arasında düşə bilmək ehtimalı olan azı 6-7 universitetimiz var", - deyə Elçin Süleymanov bildirib.

 

Paşa Bayramov


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.