"Dünyada nizamsızlığın əsas səbəbkarı ABŞ-dır" - Patruşev
Rusiya Təhlükəsizlik Şurasının katibi ABŞ-ın dünya nizamında rolunu dağıdıcı hesab edir
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Argumentı i Faktı" qəzetinə müsahibəsində ABŞ-ı dünya nizamsızlığının əsas səbəbkarı adlandırıb.
Qazet.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, hərbi əməliyyatlara trilyonlarla dollar xərcləyən ABŞ və müttəfiqləri hər yerdə xaos və dağıntılar yaradırlar.
"Əfqanıstan, İraq, Liviya, Suriya, indi Ukrayna, hətta daha əvvəl Yuqoslaviya, onlarla Asiya, Afrika, Latın Amerika dövlətləri – bütün bunlar Amerikanın dağıdıcı qlobal hökmranlıq strategiyasının nümunələridir", - Patruşev bəyan edib.
"Vaşinqtonun hər növbəti geosiyasi eksperimentdən sonra yalnız ayrı dövlətlər və xalqlar əziyyət çəkmir, bütöv bölgələrdə sabitliyi pozan zəncirvari reaksiya başlayır. Hesab edirəm ki, ABŞ və müttəfiqləri suveren dövlətlərin iqtisadiyyatının məhv edilməsinə, millətlərarası və siyasi problemlərin eskalasiyasına, bütün dünyada terror, ekstremist və digər təhdidlərin gücləndirilməsinə görə məsuliyyət daşımalıdırlar", - Təhlükəsizlik Şurasının katibi vurğulayıb.