Dünyanın ən pis və ən yaxşı metrosu-ARAŞDIRMA
Dünyanın seçilmiş ən yaxşı və ən pis metroları
Metro şəhərlərin qan damarları hesab olunan nəqliyyat vasitəsidir. İnsanların isə bu damarların daxilində olan qan hüceyrələri təsəvvür etsək, bu nəqliyyat vasitəsinin insan həyatında nə qədər önəmli rol oynadığını yəqin etmiş olarıq.
Danılmaz faktdır ki, nəqliyyat vasitəsi və ondan istifadə həm də bir mədəniyyətdir. Bu mədəniyyət isə birbaşa ölkəni təmsil edir. Qısası, mədəniyyət xalqın güzgüsü, əsas göstəricisi hesab olunduğu kimi, nəqliyyat vasitələrindən biri olan metro da bunun bir təzahür formasıdır. Dünya üzrə isə metro stansiyaları və metro xətt sistemi ölkələrin qurduğu plana əsasən olduqca dəyişkən və mürəkkəbdir. Bəzi yerlərdə yerüstü və yeraltında olsa da ümumilikdə dəmir yol sistemi dünya nəqliyyat sisteminin döyünən ürəyi olaraq qalır. Digər tərəfdən də, dəmiryolu şəhərlərdə və meqapolislərdə avtomobil tıxacının qarşısının alınmasına öz töhfəsini qata bilir.
Dünya üzrə metro sistemi hər ölkədə fərqli olsa da, bu xəttlər və dəmiryol nəqliyyatı insanlar tərəfindən həmişə bəyənilmir. Buna görə də ölkələr bu baxımdan öz metro stansiyalarında fərqliliklər həyata keçirərək rəqabət yaradırlar. Bu gün oxuculara dünyada seçilmiş ən yaxşı və ən pis metro stansiyalarını təqdim edəcəyik. Həmçinin burada, bu stansiyaların insanların tərəfindən nə səbəbdən daha çox sevildiyi və ya pislənildiyi barədə faktları da çatdıracağıq.
ƏN YAXŞI METRO STANSİYALAR
Seul, Cənubi Koreya – Gündəlik 7 milyon sərnişin qəbul edən Seul metrosu şübhəsiz ən inkişaf etmiş dəmiryol sisteminə malikdir. Həmçinin, burada 300-dən çox metro stansiya var. Bununla yanaşı, təmizlik baxımından metro stansiyalar sanitariya qaydalarına ciddi riayət edir. Stansiyalarda və qatarlarda pulsuz internet şəbəkəsi və çoxsaylı mağazaların olması ölkəni ziyarət edən turistlər tərəfindən həmişə müsbət sözlər eşidilməsinə səbəb olur. Gediş haqqı bir istiqamətdə gediş üçün 1 ABŞ dolları (1 manat 70 qəpik) təşkil edir. Cinayət göstəriciləri baxımından da Koreya metrosu xoş sözlərə layiqdir. Belə ki, burada cinayət səviyyəsi olduqca azdır.
Bankok, Tailand – Bir gündə 92 milyon insanın istifadə etdiyi Tailand metrosu dünyada ən izdihamlı və sıx metro hesab olunur. 1997-ci ildə inşasına başlanılan yerüstü və yeraltı növləri olan metro Tailandda bu gün ən çox inkişaf etmiş xəttlərə malikdir. 53 stansiyası olan Tailand ölkə olaraq da dünya üzrə ən çox turist qəbul edən birinci ölkədir.
Honq Konq, Çin – 99.9 faiz dəqiqliyə sahib olan Honq Konq metrosu qatarların intervalı baxımından ən rahat gedilən xəttlərdəndir. Ümumilikdə 166 stansiya üzrə gündəlik 5 milyon insan metrodan istifadə edir. Honq Konq Britaniyanın tərkibində olduğu illərdə hökumət metro sisteminin yaradılması ilə nəqliyyat problemini həll etmişdi. 1979-cu ildə qurulan Honq Konq metro xəttləri günümüzdə gediş haqqı baxımından ən ucuz nəqliyyat növüdür. Digər bir cəhət isə Honq Konq metrosunun ən sürətli eskalatora sahib olmasıdır. Bu da sərnişinlərə qatara vaxtında çatmasına kömək edən bir amildir.
Moskva, Rusiya – Özündə bir muzeyi əks etdirən Moskva metrosunda mozaikalar, abidələr, əl işləri və müxtəlif eksponotlar yer almaqdadır. 250 fut (76.2 metr) dərinliyə sahib olan Moskva metro stansiyası da öz fərqliliyini və liderliyini qoruyub saxlayır.
ƏN PİS METRO STANSİYALAR
Mumbay, Hindistan – Təşkilatlanmanın və xəttlərin çox pis və qarışıq qurulduğuna görə Mumbay metrosu “Ən xaotik dəmiryolu sistemi” adlanır. Avtomobil tıxacının qarşısını almaq üçün yeni qurulacaq metro xəttinin isə 2026-cı ildə yekunlaşacağı deyilir. Mumbay metro stansiyaları həm insan izdihamı, qarışıqlıq və yüksək anti-sanitariyaya görə də bu pillədə öz yerini alır. 22 milyon əhalisi olan Mumbay şəhərində metro hər il 2 faiz də artan bu insan göstəricisi ilə mübarizə aparır.
Pyonqyanq, Şimali Koreya və ya KXDR – Bütün dünyaya qapalı olan Şimali Koreya (KXDR) kainatın ən dərində yerləşən metro stansiyasına sahibdir. Pyonqyanq metrosu 109 metr dərinlikdə yerləşir və bu 36 mərtəbəli bir binaya bərabərdir. 1960-cı illərdə qurulan Şimali Koreya metro xəttlərində eskalatorlarla stansiyaya çatmaq 3 dəqiqə və daha çox vaxt alır. Metronun xoşa gəlməyən digər tərəfi də qatarların əyləc sistemidir. Belə ki, qatar stansiyaya çatdıqda əyləc sistemi olduqca yüksək səs əks etdirir və bu da turistlər üçün xoşagəlməz haldır. Kommunizm sisteminin hakim olduğu ölkədə qatarlarda kommunist mahnıları səsləndirilir. Qəribə digər hal insanların metroda söhbət etməməsi və gülümsəməməsidir.
Karakas, Venesuela – Bu ölkədə baş verən iqtisadi böhran özünü birbaşa metroda əks etdirir. Bunun nəticəsi kimi 2018-ci ildə Venesuelada metrodan pulsuz istifadə edilməsinə başlanıldı. Əsas səbəb isə hökumətin nəqliyyat işçilərini yüksək maaşla təmin edə bilməməsi oldu. Ona görə də metroda ödəmə terminalları işləmir. Bununla yanaşı, stansiyalarda tez-tez zorakılıq halları, cinayətlər, elektrik qısaqapanması halları da qeydə alınır. Siyasi nümayişlər zamanı metrolar hökumət tərəfindən fəaliyyəti dayandırılır.
Nyu-York, ABŞ – Dünyanın ən məşhur və çox ziyarət edilən metrosu olmağına baxmayaraq Nyu-York stansiyaları bir o qədər də səmərəli deyil. Metrolarda həddindən çox turistin olması, sıxlıq, ətrafın zibillənməsi buranı xoşagəlməz edən amillərdəndir. Bu da son deyil. Yağış sularının metro keçidlərinə dolması sizi stansiyaya üzərək gedib çatmağınıza gətirib çıxara bilər. Qatarların sürəti də olduqca yavaşdır və intervallararası gecikmə çox tez-tez baş verir. Ötən il Nyu-York stansiyalarında qeydə alınan cinayət göstəriciləri 73 faiz olub. Bu ilin aprel ayında metroda bir şəxs qatara tüstü bombası ataraq 23 nəfərin xəsarət almasına səbəb olan hadisə törətmişdi.
AZAD NURİYEV