Dünyanın gözü TÜRKİYƏDƏ: Antalya Zirvəsi bəşəriyyəti xilas edə BİLƏCƏKMİ?
11-13 mart 2022-ci il tarixdə Antalya şəhərində çox mühüm məsələlərin müzakirəsi gözlənilən Diplomatik Zirvə keçiriləcək
Azərbaycan Prezidenti bu gün Ərdoğanla görüşəcək, mühüm məsələlərin müzakirəsi gözlənilir; “Görüşlərdə hansısa nəticələrə gəlinməsi Türkiyənin regionda və dünyada nüfuzunun daha da gücləndirilməsinə çox ciddi təsir göstərəcək”
Bugünlərdə bütün dünyanın gözü Türkiyəyə zillənib. Çünki 11-13 mart 2022-ci il tarixdə Antalya şəhərində çox mühüm məsələlərin müzakirəsi gözlənilən Diplomatik Zirvə keçiriləcək.
Heç şübhəsiz ki, Antalya Zirvəsində əsas diqqət Rusiya-Ukrayna təmaslarına yönəlib. Türkiyənin vasitəçiliyi və ev sahibliyi ilə iki ölkənin xarici işlər nazirləri Antalyada bir araya gələcəklər. Artıq hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri görüşə hazır olduqlarını bəyan ediblər. Ancaq indiki durumda Azərbaycanın bu tədbirdə hansı səviyyəsində iştirak edəcəyi də bizim üçün çox önəmli məsələlərdəndir. Qeyd edək ki, Prezident İlham Əliyev 10 mart tarixində Türkiyəyə səfər edəcək. “Sabah Azərbaycan Prezidenti İlham Əliyev qonağımız olacaq”. “Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Bu gün İsrail prezidenti İsaak Hersok qonağımızdır. Bazar günü Yunanıstan baş naziri Kriakos Miçotakis gələcək. Onlarla müzakirələrimiz olacaq. Antalya diplomatiya forumunda da bəzi liderlərlə görüşlərimiz nəzərdə tutulub”, – o bildirib. Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunması üçün var qüvvəsi ilə çalışan qardaş ökənin lideri daha sonra bildirib: “Ümid edirəm, Rusiya xarici işlər naziri Lavrov və Ukrayna xarici işlər naziri Kulebanın sabahkı görüşü daimi atəşkəsə qapı açacaq. Bu kritik görüşdən əvvəl mülki şəxslərin təxliyəsi üçün elan edilmiş atəşkəsi də alqışlayırıq. Həm cənab Zelenski, həm də cənab Putinlə görüşlərdə problemlərin diplomatiya ilə həll edilməli olduğunu vurğuladıq. Bu gün 14-cü gününü tamamlayan münaqişə çox təəssüf ki, ciddi insan itkilərinə və faciələrə səbəb olur. Artıq 2 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. Belə davam etsə, rəqəm 5-10 milyona yaxınlaşacaq. Minlərlə insan həyatını itirdi və yaralandı. Yollara, məktəblərə, evlərə, xəstəxanalara ciddi ziyan dəyib. Ən çox günahsız uşaqlar və müdafiəsiz qadınlar əziyyət çəkir. Mən də millətimə səslənirəm. Müharibədə qətiyyən qazanan tərəf olmur. Biz NATO-nun Baş katibi Stoltenberq, Azərbaycan Prezidenti Əliyev, Belarus prezidenti Lukaşenko da daxil olmaqla, dövlət və hökumət başçıları ilə görüşümüzdə prosesə sülh gətirməyə çalışırıq”.
Göründüyü kimi, R.T.Ərdoğan üçüncü dünya savaşını tətikləyə biləcək savaşın dayandırılması, bəşəriyyətin növbəti dəhşətlərdən xilası üçün çox böyük bir proses başladıb. Bu prosesdə Azərbaycan dövlətinin də iştirakı mühüm məsələdir. Xatırladaq ki, Ukrayna prezidenti Zelenski Rusiya ilə danışıqlara ev sahibliyi edə biləcək şəhərlər arasında Bakı və İstanbulun da adını çəkmişdi. Ötən həftə Türkiyə XİN rəhbəri M.Çavuşoğlunun Bakıya səfər etməsi, burada səsləndirdiyi çox mühüm açıqlamalar, o cümlədən iki qardaş ölkənin bütün məsələlərdə koordinasiyalı hərəkəti barədə diplomatlarımızın dedikləri “Bir millət, iki dövlət”in vahid mövqedən çıxış etməsinə şübhə yeri qoymur. Bu mənada cənab Ərdoğanın Azərbaycan lideri ilə də məsləhətləşmək niyyəti vacib məsələdir. Düzdür, İlham Əliyevin Antalya Sammitində iştirakı haqda hələlik rəsmi açıqlama yoxdur. Ancaq istisna deyil ki, dövlət başçımız Ankara səfərindən bir gün sonraya təsadüf edən zirvəyə qatıla bilər. Bu yerdə qeyd edək ki, Ermənistan da Zirvəyə dəvətli idi. Türkiyə bütün baş verənlərə, Ermənistanın yanlış, qeyri-konstruktiv siyasətinə rəğmən, münasibətlərdə müsbət dinamikaya səbəb ola biləcək bir davranış sərgiləyərək İrəvana da dəvət yollayıb. Bu, yenicə dialoq atmosferi yaranması yolunda mühüm addım sayılmalıdır. Paşinyan bir müddət öncə bildirmişdi ki, dəvəti rədd edib, amma son məlumatlara görə, onun şəxsən iştirakı gözlənilir.