Bakı 28˚C Partly sunny

Soyuq havaların ləziz təamı - Düşbərənin hazırlanması

Maraqlı 06:19 27 noy, 2022
Soyuq havaların ləziz təamı - <span style="color:red">Düşbərənin hazırlanması</span>

Soyuq havalarda  Azərbaycan mətbəxinin  ən çox sevilən yeməklərindən biri də  “Düşbərə”dir.

Düşbərə Bakı zonasının məşhur xəmir xörəklərindəndir.

Qəbul olunmuş “adətə” görə bir şorba qaşığına ən azı 12 ədəd düşbərə yerləşməlidir. Düşbərənin belə kiçik ölçüdə bükülməsi özü xüsusi bacarıq tələb edir. Hər düşbərə kiçik qulaqcıq şəklində bükülür.

O, italiyanların “ravioli”,  ruslarda “pelmeni”,  Orta Asiya və Türkiyə mətbəxində “mantı” adlanan xəmir xörəklərindən öz ölçüsünə görə 2-3 dəfə xırda olur.

Tərkibi:

İçlik üçün:

350 qram yağlı qoyun əti, 1 orta boy soğan, 1 dolu çay qaş duz, 1/2 çay qaşığı istiot,

Xəmiri üçün:  

1 dolu stəkan un, yarım çay qaşığı duz, 1 yumurta, 50 qram su 

Hazırlanma qaydası:

Əti maşından keçiririk. Daha sonra soğanı ətə əlavə edirik. Sonra duz töküb əti yoğururuq. Ətin sümüklü hissəsini isə qazana qoyub bulyon hazırlayırıq.  

Ət qaynadıqda üzərindəki köpükləri yığıb, içərisinə soğanın yarısını əlavə edirik. Sonra stəkana zəfəran əlavə edib dəmləməyə qoyuruq.

Digər qabda xəmiri hazırlamaq üçün un, duz, yumurta və su əlavə edirik. Sonra xəmir yoğururuq və üzərini örtüb kənarda saxlayırıq.  

Xəmir bir az kənarda durduqdan sonra kündələrə ayırırıq və oxlov ilə açırıq. Sonra kubik formasında kəsirik. Düşbərənin xəmiri mümkün qədər nazik yayılmalıdır və çalışmaq lazımdır ki, qat düşməsin. Kəsdiyimiz xəmirin içərisinə ət qoyub hər tərəfini birləşdirik. Sonra iki tərəfi aşağı doğru birləşdiririk .

Daha sonra düşbərələri blyonun suyuna əlavə edib, üzərinə zəfəranı töküb bişiririk. Düşbərələr bu ət suyunda bişir. Müasir mətbəxdə isə qoyun əti suyundan bir o qədər çox istifadə olunmur. Bunu əvəzinə müxtəlif üsullarla dadlandırılmış adi su istifadə olur və ya düşbərənin suyunu qaynayan suya bir az doğranmış pomidor əlavə edərək də hazırlaya bilərsiniz. Və ya, pomidorsuz, sadəcə bir az tomat, və ya sarıkök, və yaxud da ki,  azacıq zəfəran suyu əlavə edərək.  

Düşbərə bişdikdən sonra üzərinə göyərti əlavə edib təqdim edirik.  Düşbərə stola gətirilərkən, yanında qurudulmuş nanə, üzüm sirkəsi, ya da 3-4 diş sarımsaq və bir stəkan sirkədən hazırlanmış sirkə-sarımsaq sousu verilir.

Nuş olsun!