Əfqanıstanda "Taliban"ın özbək və puştun dəstələri arasında atışma olub
“Taliban” hökumətinin polis qüvvələri tərəfindən özbək dəstələrinin lideri Mahdum Ələm həbs edildikdən sonra atışma başlayıb
Əfqanıstanın şimal-qərbində "Taliban" puştun və özbək silahlıları arasında silahlı toqquşma baş verib.
Qazet.az “Interfax”a istinadən xəbər verir ki, toqquşma yanvarın 14-də olub.
Bildirilib ki, “Taliban” hökumətinin polis qüvvələri tərəfindən özbək dəstələrinin lideri Mahdum Ələm həbs edildikdən sonra atışma başlayıb.
Həbs "Taliban" hökuməti müdafiə naziri Molla Fazelin tapşırığı əsasında keçirilib. Həbsin səbəbi bildirilməyib.
M.Ələmin minlərlə tərəfdarı həbsə etiraz edib. "Taliban" bu aksiyanı zor gücü ilə yatırmaq istəyib. Bu zaman özbək silahlı dəstələri onlara müqavimət göstərib. "Taliban"ın puştun silahlılarının “Humvee” markalı 8 zirehli maşını etirazçılar tərəfindən ələ keçirilib. Atışma nəticəsində "Taliban" silahlıları arasında ölənlər və yaralananlar olub.