Ekspert Bakı metropoliteninin fəaliyyətini tənqid etdi
"Günümüzün 1-2 saatını tıxaclarda keçirirk. Tıxacların aradan qaldırılması üçün hər dəfə müxtəlif təkliflər verilir. Onlardan biri də Bakı metropoliteninin stansiyalarının sayının artırılmasıdır. Elə bu məqsədlə stansiyaların tikilmə sürətinə baxıram və dəhşətə gəlirəm".
Qazet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. O xatırladıb ki, Bakı metro nəqliyyat vasitəsi qismində ilk dəfə 1967-ci ildə istifadəyə verilib və bu il 55 ili tamam olub:
"55 ildə cəmi 26 metrostansiya istifadəyə verilib. Yəni, 2 ildə cəmisi 1 stansiya işə düşüb. Məlumat üçün qeyd edim ki, Bakıda metropolitenin tikintisinə 1949-cu ildə başlanılıb və 1967-ci il noyabrın 6-da 5 stansiyadan ibarət - "Bakı Soveti", "Sahil", “28 Aprel", "Gənclik" və "Nərimanov" istifadəyə verilib. 1989-cu ildə isə “Xalqlar Dostluğu” və “Əhmədli” stansiyaları açılmaqla ümumi stansiyaların sayı 18-ə çatdırılıb. Bu, məhz Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrdür. Bu o dövrdür ki, pulumuzun böyük hissəsi “İttifaq ehtiyacları” üçün əlimizdən alınırdı və bizə cüzi hissəsi saxlanılırdı. Həmin cüzi pulla 43 ildə 18 metrostansiya tikilib. Yəni, hər 5 ildə 2 stansiya istifadəyə verilib. Nəzərə alaq ki, başlanğıc işləri üçün zaman daha çox tələb olunur. Həmçinin, bu işlər həmin dövrün texnikası ilə görülüb.
Bəs müstəqillik dövründə - qazandığımız pulların hamısının bizə qaldığı, milyardlarda büdcəyə malik olduğumuz və müasir texnikaların olduğu bir dövrdə nə qədər stansiya istifadəyə vermişik? Cavab, utandırıcıdır. 31 ildə cəmisi 8 stansiya tikilib. Onun da 2-si köməkçi (“Cəfər Cabbarlı” və “Memar Əcəmi”) stansiyalardır. Yəni, hər 4 ildə 1 stansiya. Sovet dövründə tikilən metropoliten xətlərinin uzunluğu 25,8 km olduğu halda, müstəqillik dövründə bu göstərici 13 km olub. Hazırda xətlərin uzunluğu 38,8 km-dir. Bakı metropoliteni Dövlət Proqramı çərçivəsində yollarının ümumi uzunluğunu 119,1 km-ə, stansiyaların sayını isə 76-ya çatdırmağı planlaşdırır. Yəni, 73 ilə tikdiyi 38,8 km-lik yolun uzunluğunu və 26 stansiyanın sayını 3 dəfə artırmalıdır. Bu işlər hansı müddətə görülə biləcəyini isə sizin öhdənizə buraxıram. Belə getsə, tıxaclarda ömrümüzü çox çürüdəcəyik".