Bakı 9˚C Rain

Əli Əsədov Türkiyənin vitse-prezidentini təbrik edib

Siyasət 12:09 29 okt, 2022
Əli Əsədov Türkiyənin vitse-prezidentini təbrik edib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə bu ölkənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Bu barədə Qazet.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda bildirilib ki, siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir.

Xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri iki ölkə arasındakı birliyin və həmrəyliyin bariz ifadəsi kimi dəyərləndirilib.

Vurğulanıb ki, Azərbaycan qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığı və səmərəli fəaliyyəti bundan sonra da birgə səylərlə genişləndirmək və şaxələndirmək əzmindədir.