Bakı 23˚C Windy

Əmlakın qeydiyyatı prosedurları sadələşdirilib-FOTO

Biznes 20:00 11 fev, 2022

Tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan yaradıb

Əmlakın qeydiyyatı prosedurları sadələşdirilib-FOTO

2022-ci ilin yanvar ayı ərzində 24 101 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Qazet.az-a verilən məlumata əsasən, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 19,3 faiz çoxdur.

Bildirilib ki, bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan yaradıb.

Aylıq göstəricinin 4 101-i (17,02 faizi) ilkin, 20 000-i (82,98 faizi) isə təkrar qeydiyyatın payına düşüb. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3 798-i fərdi yaşayış və bağ evi, 6 835-i mənzil, 12 534-ü torpaq sahəsi, 293-ü qeyri-yaşayış binası, 576-sı qeyri-yaşayış sahəsi, 61-i əmlak kompleksi, 4-ü isə çoxmərtəbəli yaşayış binasıdır.

Qeyd edilib ki, ilin yanvar ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6 501-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.

İlin ilk ayı ərzində 1 273 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 40 faiz artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 6,3 faiz artaraq 1 057 olub.

Bu ilin ilk ayı ərzində 18 608 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz artım deməkdir. 2022-ci ilin yanvar ayında qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin ilk ayı ilə müqayisədə 86,9 faiz artaraq 5 132 olub.