Ərazisindən sürət qatarı keçən qəsəbədə stansiya niyə yoxdur? - ARAŞDIRMA
Abşeron rayonu Aşağı Güzdək qəsəbəsinin sakinləri yol cəhətdən çox böyük çətinliklə üzləşir.
Qazet.az-ın əldə etdiyi məlumata görə, qəsəbədən Bakı şəhərinə iş üçün gedib-gəlmək məcburiyyətində qalan sakinlər hər gün 3-4 saat vaxtlarını yola sərf etməli olur.
Buna əsas səbəb marşrut avtobuslarının yarım saatdan bir işləməsidir. Avtobusa bir dəqiqə gecikən vətəndaş ya 30 dəqiqə yenidən gözləməli, ya da taksi ilə yoluna davam etməlidir.
Digər bir problem isə əhalisi rəsmi mənbələrə əsasən 2755 nəfər olan qəsəbəyə magistral çıxışın olmamasıdır. 10 ilə yaxındır ki, Bakı-Şamaxı avtomobil yolunun 30-cu kilometirliyində yerləşən qəsəbənin çıxışı bağlanaraq avtomobillərin qəsəbəyə giriş-çıxışı uzadılıb. Buna səbəb olaraq qəzaların qarşısının almağı göstərilib.
Sakinlər işə getmək üçün qəsəbədən çıxdıqdan sonra bir neçə kilometr geriyə gedib körpü üzərindən dövrə vurub geri qayıtmalı olur. Bu isə xeyli vaxt itkisinə səbəb olur. Belə vəziyyət isə qəsəbə sakinlərinnin haqlı narazılığna səbəb olur.
Bəs qəsəbənin çıxış yolu niyə bağlanıb?
Bu mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da telefon zənglərinə cavab verən olmadı.
Və bununla da bu problemin həll olunacağına ümid azaldı.
Ancaq sakinlərin başqa bir çıxış yolu da var. Bu yoldan əlavə qəsəbənin ərazisindən sürət qatarı keçir və qatar vasitəsilə insanlar şəhərə tez bir zamanda çata bilərlər. Lakin qatar qəsəbədən keçməyinə baxmayaraq həmin əraziyə stansiya-platforma-dayanacaq qoymaq heç kimin ağlına da gəlməyib. Qatar gəlib qəsəbə ərazidən keçərək Bakı Metropoliteninin “28 may” stansiyasına qədər gedir.
Maraqlıdır görəsən böyük bir qəsəbədə niyə stansiya tikilməyib?
Bu məsələ ilə də bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Natəvan Bayramova ilə əlaqə saxladıq. Natəvan xanım da bu məsələdən xəbərsiz olduğunu qeyd etdi. Və bu məsələ ilə bağlı quruma məktub ünvanlanmalı olduğunu dedi.
"Bunun üçün yerli sakinlər tərəfindən rəsmi müraciət ünvanlanmalıdır. Bundan sonra dövlət qurumu tərəfindən əraziyə baxış keçiriləcək və yekun qərar veriləcək"-deyə katib qeyd etdi.
Ümid edirik ki, ADY qəsəbənin əhalisinin problemlərini nəzərə alaraq, hər gün işə, təhsil almağa, həkimə, məktəbə gedən insanların həyatını rahatlaşdıracaq və ciddi nəqliyyat problemini həll edəcəklər. Redaksiya mövzu ilə bağlı problemləri izləməkdə davam edəcək.
Araşdırdı: Gülnar Süleymanova