“Ərdoğan noyabrda türk dövlətlərinin birliyini elan edəcək” – Erməni deputatdan HƏYƏCAN
Zəngəzur koridorunun Azərbaycan və Türkiyənin nəzarətinə verilməsi Ermənistanın parçalanması üçün ilk gedişdir
Ermənistanın eks deputatı Arman Abovyan bildirib ki, İrəvan heç bir halda Zəngəzurdakı kommunikasiyaları Türkiyənin nəzarətinə verməməlidir.
Qazet.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat paylaşıb.
Məlumata görə, erməni depuatın fikrincə, Zəngəzur koridorunun Azərbaycan və Türkiyənin nəzarətinə verilməsi Ermənistanın parçalanması üçün ilk gedişdir:
“Bununla da Türkiyə Xəzər dənizi və Mərkəzi Asiyaya çıxış əldə edəcək. Bu planlara çox ciddi yanaşmaq lazımdır. Noyabrda Ərdoğan türk dövlətlərinin birliyinin yaradılmasını elan etmək istəyir. Ardınca Turan ordusu formalaşdırılacaq. Türkiyə bu istiqamətdə ciddi işlər görür. Zəngəzur dəhlizi isə türklər üçün həyat əhəmiyyətlidir. Amma yol İran və Rusiya üçün də vacibdir. Lakin anlamaq lazımdır ki, “erməni məsələsi” türk ssenarisi ilə həll olunacaq.
Bu halda isə Ankara Cənubi Qafqazda Rusiya faktorunu sıxışdırmağa çalışacaq. Sırf buna görə Rusiya dəhliz məsələsində maraqlı deyil. Mövzu Soçidə də Ərdoğan və Putin arasında müzakirə olunub. Bu situasiyada Ankara və Moskvanın maraqları üst-üstə düşmür”.
Qeyd edək ki, son aylarda Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılması ilə əlaqədar çoxsaylı bəyanatlar səsləndirib.
Ermənistan isə qarşılıqlı kommunikasiyaların açılmasından bəhs edir və ərazisindən heç bir koridorun keçməsinə razı deyil.