Bakı -2˚C Showers

“Erməni cəmiyyətində Paşinyanı xilaskar kimi görənlər də var” – ŞƏRH

Gündəm 20:51 07 okt, 2022
“Erməni cəmiyyətində Paşinyanı xilaskar kimi görənlər də var” – ŞƏRH

“Praqa görüşündən sonra Ermənistanın Rusiya ilə münasibətlərinin necə davam etdirilməsi məsələsi də erməni cəmiyyətində müzakirə mövzusudur”.

Qazet.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün Praqada Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqının (Aİ) rəhbəri Şarl Mişelin iştirakı ilə baş tutan danışıqlarda əldə olunan anlaşmaların Ermənistan ictimai rəyində doğurduğu reaksiyadan bəhs edən Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı deyib.
 

Onun sözlərinə görə, erməni cəmiyyəti iki ölkə liderinin ötən danışıqları kimi, Praqa müzakirələrinə də birmənalı yanaşmır:

“Qeyd edim ki, Ermənistan mediasında dünən Praqada keçirilən görüş haqqında materiallar geniş və çox sayda deyil. Orada mətbuat əsasən, Paşinyanın dilindən rəsmi şəkildə yayılan tərəflərin danışıqları BMT-nin Nizamnaməsi, o cümlədən, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılmasında razılığa gəlindiyinə dair məlumata yer verib.

Ermənistan müxalifətinə gəldikdə isə, həmin qüvvələrin reaksiyasını təxmin etmək çətin deyildi. Bu barədə fikir bildirən müxalifət təmsilçiləri hökumətə tənqidi yanaşmaqla bərabər Azərbaycanla sülh sazişi imzalanmasının vacibliyini etiraf edirlər. Bununla belə, onlar həmin sazişdə Qarabağ erməniləri ilə bağlı dəqiq və konkret müddəaların olmasının zəruriliyini, amma Paşinyanın buna cəhd göstərmədiyini bildirirlər.

Praqa görüşündən sonra Ermənistanın Rusiya ilə münasibətlərinin necə davam etdirilməsi məsələsi də erməni cəmiyyətində müzakirə mövzusudur. Məsələn, Paşinyanın xanımı tərəfindən nəşr edilən “Aykakan Jamanak” qəzetində Ermənistanın Rusiya-Belarus ittifaq dövlətinə qoşulmasına dair təkliflərin kəskin tənqid olunduğu material nəşr edilib. Ancaq müxalifət qüvvələri Rusiya ilə münasibətlərin qorunmasına və genişləndirilməsinə çağırır.

O baxımdan, erməni cəmiyyətində Paşinyanı xilaskar kimi görənlər də var, xain hesab edənlər də. Lakin əksəriyyət onun sülhü təmin etməyə ciddi səy göstərdiyinə inanaraq Paşinyana rəğbətlə yanaşır. Bu amil Paşinyanın başlanmış prosesi sona çatdıra biləcəyinə cəmiyyətdə əminlik yaradır”.

 

“Erməni cəmiyyətində Paşinyanı xilaskar kimi görənlər də var” – ŞƏRH