Ermənilər kütləvi şəkildə ölkəni tərk edir: Səbəb iqtisadi vəziyyət, yoxsa... – RƏY
Ermənilər kütləvi şəkildə ölkəni tərk edir

“2021-ci ildə Ermənistanı artıq 110 min nəfər tərk edib”.
Qazet.az xəbər verir ki, bunu müxalif “Ermənistan” blokundan olan millət vəkili Vaqe Hakopyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistandan mühacirət kosmik göstəricilərə çatıb.
V.Hakopyan, həmçinin qeyd edib ki, Zəngəzur vilayətindən ciddi mühacirət başlayıb.
“Ən çox mühacirət məhz bu vilayətdən baş verir. Ermənistan hakimiyyəti kəndlərin boşalmasına səbəb olur. İnsanlar ümidsizlikdən yaşayış yerlərini tərk edirlər”, - deyə millət vəkili vurğulayıb.
Bu gün Ermənistandan köç dalğasını yaradan, erməniləri mühacirə çevirən əsas səbəb nədir, ölkə iqtisadiyyatının zəifləməsi, yoxsa məğlubiyyətin doğurduğu acı nəticələr?
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, əslində müharibədən sonrakı dövrdə Ermənistandan böyük köç dalğasının olması ehtimalı kifayət qədər yüksək idi:

"Çünki Ermənistan tərəfdən xeyli sayda itkilər olmuşdu və əsasən də gənclərin, növbəti müharibə olarsa yenidən müharibəyə, orduya cəlb olunacağı fikri onlarda qorxu yaratmışdı.
Son zamanlar rəsmi rəqəmləri açıqlayarkən hiss olunur ki, Ermənistanda əsasən də gənc, 20-50 yaş arasında nəslin daha sürətlə köç etdiyi görünür. Bu yaxınlarda Ermənistan mətbuatında belə bir məlumat da getmişdi ki, xarici pasport sifarişi gecikir, artıq çatışmır. Bu onu deməyə əsas verir ki, həm müharibə, həm pandemiya, həm də iqtisadi problemlərin olması köç dalğasının yüksəlməsinə səbəb oldu.
Eləcə də əvvəllər işğal altında olan ərazilərdə yaşayanların sonradan İrəvana getməsi, orada onlar üçün normal şəraitin olmaması da həmin qrup insanların da köç etməsinə şərait yaratdı. Nəticə etibarilə Azərbaycan-Ermənistan sərhəddində əsgərlərimizin görünməsi, bayrağımızın dalğalanması özü də psixoloji gərginlik yaradan amillərdən biridir. Ona görə də həm müharibənin nəticəsi, həm iqtisadi problemlər olaraq Ermənistandan köç dalğasının artacağı gözlənilən idi və bu da özünün doğrultdu".
Ekspert deyir ki, Ermənistanın son iki-üç ilin iqtisadi göstəticilərində turizm əsas yerlərdən birini tuturdu:
"Pandemiya ilə bağlı yolların bağlanması və turizmin dayanması, iş yerlərinin, gəlirlərin kəskin azalması ilə nəticələndi. Pandemiyanın ciddi təsirləri olsa da, hesab edirəm ki, ən böyük psixoloji təsir 44 günlük müharibədə Azərbaycanın qazandığı qələbə oldu. Bu ermənilərdə çox ciddi psixoloji bir sarsıntı yaratdı. Nəticə etibarilə köçün sürətinin artmasınında iqtisadi səbəblərlə yanaşı bu amil də ciddi rol oynadı".