Ermənilərlə birlikdə yaşaya bilərik - Şeyx
Allahşükür Paşazadə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul edib.
QMİ-nin Mətbuat Xidmətindən Qazet.az-a verilən məlumata görə, şeyxülislam Azərbaycanda müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd edib.
QMİ sədri Azərbaycanda dinlər, konfessiyalar arasında mövcud münasibətlərin yüksək səviyyəsinin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu fəxarətlə vurğulayıb. O, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsi dövründə, qazanılmış Zəfərdən sonrakı müddətdə Azərbaycanla Almaniya arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu bildirib.
Almaniya səfiri ölkəsində islam dininin alman mədəniyyətinin tərkib hissəsi kimi qəbul edildiyini, müsəlmanların, türk mənşəli, habelə 26 min azərbaycanlı vətəndaşın Almaniyada yaşamasından bəhs edib. Ölkəsində yeni federal hökumət qurulmasından danışan səfir yeni hökumətin də Azərbaycanla əlaqələrin, münasibətlərin uğurlu inkişafında maraqlı olduğunu bildirib.
Almaniya səfiri V.Maniq istər bölgədə, istərsə də dünya miqyasında böyük nüfuz və ehtiram sahibi olan Şeyxülislam Allahşükür Paşazadə ilə görüşməkdən məmnunluğunu ifadə edib.
QMİ sədri, həmçinin səfirin Azərbaycanın dini liderinin erməni din rəhbəri ilə görüşlərinə dair suallarını cavablandırıb. Vurğulayıb ki, monoetnik Ermənistandan fərqli olaraq multikultural Azərbaycanda müxtəlif millət və dinlərin nümayəndələri mehribanlıq, qarşılıqlı ehtiram və anlaşma şəraitində əsrlərlə dinc yanaşı yaşayırlar və erməni vətəndaşlarımız da bizimlə birlikdə əmin-amanlıqda yaşaya bilərlər.
Səfir Azərbaycanda mövcud dinlərarası səmimi münasibətlərin, məzhəblərarası qarşılıqlı ehtiram mühitinin təkcə Qafqaz bölgəsi üçün deyil, Avropa məkanı, o cümlədən, Almaniya üçün böyük maraq və əhəmiyyət kəsb etdiyini deyib.
Görüşdə Azərbaycanın Vətən müharibəsindən sonra iqtisadi tərəqqi, kommunikasiyaların açılması yönündə səylərinin bölgədə dinc birgəyaşayış və qarşılıqlı anlaşma mühitinin tezliklə bərqərarına səbəb olacağına inam ifadə olunub.
Şeyxülislam Allahşükür Paşazadə Almaniya dövlətinin yeni hökumətinə uğurlar diləyib və səfirə bundan sonrakı fəaliyyətində də xeyir-dua verib. Səfirə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirən müxtəlif nəşrlər təqdim olunub.